Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 Dekabr, 2024 - 14:17
Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib
Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

"Azərbaycan müəllimi" xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.

Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.

Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır.