Professor: Məktəblərdə mühacirət ədəbiyyatının tədrisi qənaətbəxş səviyyədə deyil
“Milli mətbuat və ədəbiyyat” anlayışı Azərbaycanın sərhədlərinə sığmır. Azərbaycan mətbuatı və Azərbaycan ədəbiyyatını tədqiq, tədris, təbliğ ediriksə, o zaman Azərbaycanın sərhədləri daxilində, Cənubi Azərbaycanda, Ermənistanda, Gürcüstanda və Rusiya ərazisindəki əzəli torpaqlarımızda, muhacirətdə soydaşlarımızın ərsəyə gətirdikləri ədəbi, mətbu irsimizi tədqiqat obyekti kimi qəbul etməli, onu kompleks şəklində araşdırmalı, dəyərləndirməliyik”.
Bunu “Azərbaycan müəllimi”nə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Lənkəran Dövlət Universitetinin professoru Abid Tahirli deyib.
Onun sözlərinə görə, bu gün nə orta, nə də ali məktəblərdə mühacirət mətbuatı və ədəbiyyatının tədrisini qənaətbəxş səviyyədədir: “"Əkinçi" nə qədər millidirsə, "Yeni Qafqasya", "Azəri Türk", " Odlu yurd", "Bildiriş", " İstiqlal", "Qurtuluş", "Azərbaycan yurd bilgisi", "Azərbaycan" (Ankara), "Azərbaycan" (Münhen), "Mücahid" də o qədər millidir. "Poçt qutusu" Azərbaycan hekayəçiliyində hansı məqamdadırsa, "Vətən qaldı", "Qəzetəçi Seyyid", "On dəfə öldürülən", "Müəzzinin lənəti" də o mərtəbədədir. Səməd Vurğun poeziyası bizə nə qədər doğmadırsa, Almaz İldırım da o qədər əzizdir. Paralelləri davam etdirmək və bunu digər ədəbi növlərə, ədəbi simaların irsinə də şamil etmək olar. Bu qənaətə gəlirik ki, mühacirət mətbuatı, poeziyası, bədii, sənədli nəsri, dramaturgiyası, ədəbiyyatşünaslığı hərtərəfli, dərindən, indiki tələblər səviyyəsində tədqiq, tədris edilmirsə, bu o deməkdir ki, bizim Azərbaycan mətbuatı və ədəbiyyatına tam, mükəmməl yanaşmamız yoxdur”.
Abid Tahirli mühacirət ədəbi nümunələrinin orta məktəb dərsliklərinə salınmamadığını, yaxud mühacirət ədəbiyyatının nümunələri haqqında ən azı icmal materiallarının dərsliklərdə əksini tapmadığını söyləyib: “Ali məktəblərdə Azərbaycan mühacirət ədəbiyyatının vahid tədris proqramı və aidiyyəti qurumlar tərəfindən təsdiqlənmiş dərsliyi, dərs vəsaitləri varmı? Təəssüf ki, müsbət cavab yoxdur”.


