Prorektor: Prezidentin vurğuladığı “zəka və elm” xətti dövlət siyasətinin ideoloji ifadəsidir
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi təkcə cari məsələlərə münasibət deyil, uzunmüddətli dövlət inkişaf konsepsiyasının ideoloji çərçivəsidir. Bu müsahibədə çox aydın şəkildə görünür ki, Azərbaycan resurs iqtisadiyyatından bilik iqtisadiyyatına keçidi şüurlu, planlı və mərhələli şəkildə hədəfləyir. Yəni söhbət yalnız struktur dəyişikliklərindən deyil, inkişaf fəlsəfəsinin dəyişməsindən gedir.
Elm və Təhsil Nazirliyinin yaradılması, elmi institutların optimallaşdırılması, ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, xarici tərəfdaşlı ali təhsil modellərinin tətbiqi, ikili diplom proqramlarının genişləndirilməsi, beynəlxalq akkreditasiyalara keçid – bütün bunlar vahid strateji xəttin tərkib hissəsidir. Son 20 ildə ölkədə yeni ali təhsil müəssisələrinin yaradılması, beynəlxalq təcrübəyə əsaslanan proqramların tətbiqi, universitetlərin qlobal akademik mühitə inteqrasiyası dövlətin bu sahəyə verdiyi strateji əhəmiyyətin açıq göstəricisidir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva söyləyib.
O bildirib ki, elmi institutların birləşdirilməsi və ali təhsil müəssisələri ilə inteqrasiyası istiqamətində aparılan islahatlar elmin tədrisdən ayrılmasına son qoymaq, elmi biliklərin birbaşa auditoriyaya, tələbəyə və gənc tədqiqatçıya daşınmasını təmin etmək məqsədi daşıyır. Bu, dünya təcrübəsində geniş yayılmış yanaşmadır və Azərbaycanda da artıq mərhələli şəkildə tətbiq olunur.
“Dünya Bankı, OECD və UNESCO-nun hesabatlarında açıq şəkildə göstərilir ki, davamlı inkişafın əsas dayağı insan kapitalıdır. Prezidentin çıxışı məhz bu qlobal inkişaf məntiqi ilə tam uzlaşır. Azərbaycanda müəllimlərin əməkhaqlarının mərhələli şəkildə artırılması, pedaqoji kadr hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsi, məktəb infrastrukturlarının yenilənməsi, rəqəmsallaşma prosesləri, elektron imtahan sisteminə keçid, müəllimlərin sertifikasiyası və peşəkar inkişaf mexanizmlərinin tətbiqi də bu strategiyanın praktik təzahürüdür.
Bundan əlavə, dövlət hesabına xaricdə təhsil imkanları, “Yüksəliş” proqramı, gənc mütəxəssislərin dövlət idarəçiliyinə və ali təhsil sisteminə cəlb edilməsi Prezidentin çıxışında vurğulanan müasir kadr potensialının formalaşdırılması xəttinin real icrasıdır. Bu gün artıq ölkədə gənc, beynəlxalq düşüncəyə malik, müasir yanaşmalı kadrların müxtəlif sahələrdə məsul vəzifələrə irəli çəkildiyini görürük və bu, idarəetmədə keyfiyyət dəyişikliyinə səbəb olur. Prezidentin tezisləri nəzəri çağırış deyil, artıq həyata keçirilən və nəticə verən dövlət siyasətinin ideoloji əsaslandırılmasıdır. Prezidentin müəyyən etdiyi strateji xətt ölkənin inkişaf modelini bilik, innovasiya və yüksəkkeyfiyyətli insan kapitalı üzərində qurmağa yönəlmiş sistemli dövlət siyasətidir”, - deyə müsahibimiz qeyd edib.
Prorektor vurğulayıb ki, Prezident İlham Əliyevin “elm dövlət strukturlarından kənarda qalmamalıdır” fikri məhz müasir elmi idarəetmə fəlsəfəsinin ifadəsidir. Burada söhbət inzibati birləşmədən deyil, bilik zəncirinin qırılmamasından gedir: tədqiqat-tədris-innovasiya-iqtisadiyyat ardıcıllığının təmin olunmasından.
Son illər elmi institutların optimallaşdırılması, ali təhsil müəssisələrinin tədqiqat infrastrukturunun gücləndirilməsi, universitetlərdə ixtisaslaşmış tədqiqat mərkəzlərinin yaradılması, beynəlxalq qrant mexanizmlərinin genişləndirilməsi və doktorantura sisteminin modernləşdirilməsi bu inteqrasiya siyasətinin sistemli şəkildə həyata keçirildiyini göstərir. Eyni zamanda, ali təhsildə ikili diplom proqramlarının, beynəlxalq akkreditasiyaların və xarici tərəfdaşlı proqramların genişlənməsi universitetlərimizi qlobal elmi mühitə daha sıx bağlayır.
K.Pirverdiyeva bildirib ki, Prezidentin “neft qurtarandan sonra nə olacaq?” sualı əslində çox dərin strateji mesajdır: “Bu, onillikləri və nəsilləri düşünən dövlət baxışıdır. Yəni məsələ yalnız indiki rifahı qorumaq deyil, gələcək üçün dayanıqlı inkişaf bazası yaratmaqdır. Bu isə yalnız elmə, təhsilə və insan kapitalına sistemli sərmayə ilə mümkündür. Azərbaycanda bu istiqamətdə ardıcıl addımlar atılır. Son illər ali təhsil infrastrukturunun yenilənməsi, yeni universitetlərin yaradılması, beynəlxalq proqramların tətbiqi, gənclərin ölkə daxilində və xaricdə təhsil imkanlarının genişləndirilməsi, müəllimlərin sosial təminatının yaxşılaşdırılması, rəqəmsallaşma prosesləri və elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması göstərir ki, dövlət inkişafın əsas resursunu məhz insan üzərində qurur. Bu baxımdan Prezidentin vurğuladığı “zəka və elm” xətti abstrakt şüar deyil, artıq həyata keçirilən və nəticə verən dövlət siyasətinin ideoloji ifadəsidir. Bu, çox məsuliyyətli, uzaqgörən və elmi cəhətdən də tam əsaslı inkişaf modelidir”.


