Qabiliyyət imtahanları ilə bağlı apellyasiyaya müraciət etmək istəyənlərin NƏZƏRİNƏ!
Təsviri sənət istiqamətinə aid 15, 1601 və 1701-ci qabiliyyət imtahanı komissiyaları rəsm fənninin imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər (subbakalavrlar) 9 iyul saat 10:00-dan 10 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytına daxil olaraq elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan qeyd olunan komissiyalar üzrə apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Qeyd yerində yalnız qeydiyyatı aparılan apellyasiya komissiyası və fənni ilə bağlı müraciətin məzmunu yazılmalıdır.
DİM tərəfindən 11 iyul 2026-cı il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və növbəli şəkildə bütün müraciət etmiş abituriyentlərlə (subbakalavrlarla) əlaqə saxlanılacaq.
Xatırladaq ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə abituriyentlərin komissiya üzvləri ilə telefon əlaqəsinin səs yazısı qeydə alınır.
210, 211, 212, 1602, 13 və 14-cü komissiyalar üzrə də apellyasiya prosesinin onlayn keçirilməsi nəzərdə tutulur. Müvafiq komissiyalar üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra DİM-in saytında bu komissiyalar üzrə müraciət etmək üçün elektron qeydiyyat aparılacaq.
Təsviri sənət istiqamətinin 10, 11 və 12-ci komissiyaları üzrə apellyasiya qabiliyyət imtahanları başa çatandan sonra imtahan keçirilən binada təşkil edilir. Apellyasiyanın tarixi, saatı və apellyasiyası təşkil edilən komissiya, fənn barədə məlumat DİM-in rəsmi saytında (həm xəbər kimi, həm də qabiliyyət imtahanları ilə bağlı təqvimdə), imtahan binasının girişində vurulmuş elanda veriləcək.
Qeyd: Hər bir istiqamət üzrə yalnız elan edilən tarixlərdə apellyasiya müraciətləri qəbul olunur.




