Qadın və kişi alimlər ən çox hansı sahələri seçirlər? – Elmdə maraqlı mənzərə
2026-cı ilin ilk yarısında Azərbaycanda elmi dərəcə verilən 335 nəfərin 229-u qadın olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2026-cı ilin I yarısında elmi dərəcə verilmiş kişi və qadın iddiaçıların sayına dair statistik məlumatda öz əksini tapıb.
Məlumata əsasən, hesabat dövründə 295 nəfərə fəlsəfə doktoru, 40 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi alanların 209-u qadın, 86-sı kişi, elmlər doktoru elmi dərəcəsi alanların 20-si qadın, 20-si kişi olub.
Qadınların təmsilçiliyinə görə fəlsəfə doktoru elmi dərəcəsi üzrə ən yüksək göstərici filologiya elmləri sahəsində qeydə alınıb. Bu istiqamətdə 59 qadın və 2 kişi elmi dərəcə alıb. Sonrakı yerlərdə iqtisad elmləri (23 qadın, 23 kişi), pedaqogika (22 qadın, 2 kişi), biologiya elmləri (19 qadın, 3 kişi), tibb elmləri (17 qadın, 4 kişi) və kimya (13 qadın, 4 kişi) qərarlaşıb.
Kişilər arasında fəlsəfə doktoru elmi dərəcəsi üzrə ən yüksək göstəricilər iqtisad və texnika elmlərində qeydə alınıb. İqtisad elmləri üzrə 23, texnika elmləri üzrə isə 19 kişi fəlsəfə doktoru elmi dərəcəsi alıb. Texnika elmlərində eyni zamanda 12 qadın da bu elmi dərəcəyə layiq görülüb.
Elmlər doktoru elmi dərəcəsi üzrə qadınlar arasında ən yüksək göstərici də filologiya elmlərinə məxsus olub. Bu sahədə 8 qadın və 2 kişi elmlər doktoru dərəcəsi alıb. Pedaqogika üzrə 3, kimya üzrə 2, biologiya, texnika, iqtisad, tarix, hüquq, sənətşünaslıq və fəlsəfə sahələrinin hər birində isə 1 qadın elmlər doktoru olub.
Kişilər arasında elmlər doktoru elmi dərəcəsi ən çox texnika və iqtisad elmləri üzrə verilib. Hər iki sahədə 4 nəfər, tibb elmlərində 3 nəfər, tarix və filologiya elmlərində isə hərəsində 2 nəfər elmlər doktoru elmi dərəcəsi alıb. Fizika, kimya, biologiya, coğrafiya və milli təhlükəsizlik və hərbi elmlər sahələrinin hər birində isə 1 kişi elmlər doktoru olub.
Statistikaya əsasən, bəzi elm sahələrində elmi dərəcə alanlar yalnız bir cins üzrə təmsil olunub. Belə ki, riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alanların hamısı qadın, astronomiya, yer elmləri üzrə isə hamısı kişi olub. Psixologiya sahəsində isə hesabat dövründə yalnız 1 qadına fəlsəfə doktoru elmi dərəcəsi verilib.




