Qarabağ Universiteti 2 ildən sonra akkreditasiyadan keçəcək
Ali təhsil müəssisələri ilk məzun buraxılışından sonra akkreditasiyadan keçirlər. Bu qaydaya uyğun olaraq, Qarabağ Universitetinin də iki il sonra akkreditasiya prosesi başlayacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib. O bildirib ki, Qarabağda ali təhsilin uzun fasilədən sonra bərpa olunması və yeni model üzrə formalaşması akkreditasiya tarixində xüsusi bir mərhələ olacaq.
Tural Əhmədov əlavə edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən, akkreditasiyada (institusional və ya proqram) uğur əldə etməyən ali təhsil müəssisələri bir ildən sonra təkrar prosesə cəlb olunurlar: “Belə halda onların mövcud institusional akkreditasiya şəhadətnaməsinin müddəti iki il uzadılır. Bu dövr ərzində universitetlər yekun hesabatdakı tövsiyələr əsasında fəaliyyət planı hazırlayır, daxili keyfiyyət təminatını gücləndirir və zəruri təkmilləşdirmələri həyata keçirirlər.
Agentlik isə həmin müddətdə ali təhsil müəssisələrinə davamlı dəstək göstərir”.
Agentlik rəhbərinin sözlərinə görə, əsas məqsəd cəzalandırmaq deyil, inkişaf üçün şərait yaratmaqdır.



