Qarabağ Universiteti ABŞ Konqres Kitabxanasında qeydiyyatdan keçib

30 İyun, 2026 - 17:15
Qarabağ Universiteti ABŞ Konqres Kitabxanasında qeydiyyatdan keçib

Qarabağ Universiteti beynəlxalq akademik və kitabxana əməkdaşlığı istiqamətində mühüm uğura imza atıb. Universitet ABŞ Konqres Kitabxanasının (Library of Congress) təşkilat kodları verilənlər bazasında rəsmi qeydiyyatdan keçərək beynəlxalq kitabxana identifikasiya sisteminə daxil edilib.

Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.

Qeydiyyat nəticəsində Qarabağ Universitetinə “Qarabağ University” adı ilə “AZ-XaQU” təşkilat kodu təqdim olunub.

Bu status universitet kitabxanasının fəaliyyətinin beynəlxalq kitabxana standartlarına uyğun təşkil olunduğunu təsdiqləməklə yanaşı, biblioqrafik məlumatların beynəlxalq mübadiləsi, nəşriyyat fəaliyyəti və qlobal kitabxana şəbəkələri ilə inteqrasiya baxımından yeni imkanlar yaradır.

Qeyd edək ki, bu qeydiyyat Qarabağ Universitetinin akademik infrastrukturunun inkişafı, beynəlxalq görünürlüğünün artırılması və elmi informasiya sistemlərinə inteqrasiyası istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir.