Qarabağ Universitetinin tələbələri tədqiqat təcrübəsi qazanırlar
Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində həyata keçirilən Research Pillar (Tədqiqat xətti) çərçivəsində tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına yönəlmiş sahə tədqiqatı və məlumat toplama fəaliyyəti təşkil olunur.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, təşəbbüsün əsas məqsədi tələbələrin tədqiqat metodologiyasını yalnız nəzəri biliklər səviyyəsində deyil, praktiki mühitdə də mənimsəməsini təmin etmək, onları elmi araşdırmaların bütün mərhələləri ilə yaxından tanış etməkdir.
Fəaliyyət çərçivəsində tələbələr kampus ərazisində qurulan ölçmə məntəqələrində könüllü iştirakçılarla işləyir, məlumatlandırılmış razılıq prinsiplərini tətbiq edir, anonim məlumatların toplanması prosesində iştirak edir və standartlaşdırılmış ölçmə protokollarına uyğun fəaliyyət göstərirlər.
Toplanan məlumatlar arasında qan təzyiqi, nəbz, boy və bədən çəkisi kimi göstəricilər yer alır. Məlumatlar tədris və elmi-statistik təhlil məqsədləri üçün istifadə olunur, proses diaqnostik xarakter daşımır və bütün mərhələlərdə məxfilik, könüllülük və etik tədqiqat prinsiplərinə ciddi şəkildə əməl edilir.
Sahə tədqiqatı tələbələrə məlumat toplama, klinik ölçmə, tədqiqat metodologiyası, komanda işi, iştirakçılarla peşəkar ünsiyyət və məlumat keyfiyyətinin təmin edilməsi sahələrində mühüm praktiki təcrübə qazandırır. Eyni zamanda, onlar tədqiqatın planlaşdırılması, məlumatların strukturlaşdırılması və statistik təhlili kimi əsas mərhələləri real şəraitdə müşahidə və tətbiq etmək imkanı əldə edirlər.
Qarabağ Universitetində həyata keçirilən bu cür təşəbbüslər gələcək həkim və səhiyyə mütəxəssislərinin elmi düşüncə tərzinin formalaşmasına, etik tədqiqat mədəniyyətinin inkişafına və məlumatlara məsuliyyətli yanaşma bacarıqlarının gücləndirilməsinə töhfə verir.




