Qayıdışın təhsil uğuru: Horovlu müəllimləri sertifikasiyada fərqləndilər
İşğaldan azad edildikdən sonra 2025-ci ilin dekabrında ilk dəfə qapılarını şagirdlərin üzünə açan Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri də sertifikasiya imtahanında yüksək nəticə göstəriblər.
Gənc müəllimlər öz təəssüratlarını və həmkarlarına tövsiyələrini "Azərbaycan müəllimi" ilə bölüşüblər.
İmtahanda 56 bal toplayan Solmaz İbrahimli yenidən qurulan məktəbin ilk uğurlarını qazanmağın qürurverici olduğunu deyir:
"2025–2026-cı tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində texnologiya müəllimi kimi fəaliyyətə başlamaq mənim üçün böyük şərəf oldu. Sertifikasiya imtahanında iştirak edərək 56 bal topladım. Düşünürəm ki, bu imtahan pedaqoji fəaliyyətimizin təkmilləşməsinə və stimullaşmasına səbəb olur. İmtahan verəcək digər həmkarlarıma tövsiyə edərdim ki, öz bilik və bacarıqlarına güvənsinlər, hazırlıq prosesini planlı şəkildə qursunlar və daim öz üzərlərində çalışsınlar. Bunu yalnız qiymətləndirmə deyil, həm də inkişaf və yenilənmə imkanı kimi dəyərləndirsinlər. İnanıram ki, zəhmət və davamlı hazırlıq hər zaman uğurlu nəticə ilə yekunlaşır".
Horovlu məktəbinin müəllimi Zəhra Yusifova isə imtahanda 54 bal toplayıb:
"Sertifikasiya müəllimin öz üzərində çalışması, daha da təkmilləşməsi üçün atılan mükəmməl bir addımdır. Öz üzərimdə bacardığım qədər çalışdım və bu yüksək nəticə mənə pedaqoji fəaliyyətimdə daha da böyük stimul oldu. Fənni, ixtisası mükəmməl şəkildə bilmək üçün daim öz üzərində işləmək lazımdır".




