Qazanacağım bilik və bacarıqlar ölkəmizin inkişafına yönələcək – DP qalibi 

7 Sentyabr, 2026 - 11:10
Qazanacağım bilik və bacarıqlar ölkəmizin inkişafına yönələcək

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"nın  2026-cı il qalibləri sırasında yer alan  növbəti gəncimiz Əli Hudulovdur.  

“Azərbaycan müəllimi”nin həmsöhbəti olan Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Nottingem Universitetində doktorantura təhsili alacaq.

Əli Hudulov 2021-ci ildə Balakən şəhər Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyi bitirib. Elə həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” ixtisasına qəbul olunub. Bakalavr təhsilini yüksək akademik göstəricilərlə başa vuran gənc fərqlənməyə görə təltifnamə ilə mükafatlandırılıb.

Gənc tədqiqatçı Dövlət Proqramının onun həyatında xüsusi rol oynadığını vurğulayır:“Dövlət Proqramı mənə dünyanın aparıcı universitetlərindən birində ixtisaslaşmış təhsil almaq, beynəlxalq akademik və peşəkar mühitdə təcrübə qazanmaq və tədqiqatlarımı daha yüksək elmi səviyyədə davam etdirmək imkanı yaradır.Hesab edirəm ki, proqram gənclərin müasir bilik və təcrübə əldə etməsinə, beynəlxalq mühitdə formalaşmasına və gələcəkdə bu potensialı Azərbaycanın inkişafına yönəltməsinə şərait yaradan mühüm təşəbbüsdür”.

Əli Hudulovun tədqiqatının əsas istiqaməti Azərbaycanda sovet dövründə inşa edilmiş çoxmənzilli yaşayış binalarının enerji performansının yaxşılaşdırılması və onların müasir tələblərə uyğun enerji səmərəli yenilənməsi imkanlarının müəyyənləşdirilməsidir. O hesab edir ki, ölkənin mövcud yaşayış fondunun əhəmiyyətli hissəsinin məhz sovet dövründə formalaşması bu mövzunun aktuallığını daha da artırır.

O, qeyd edir ki,tədqiqat çərçivəsində Bakı şəhərində geniş yayılmış sovet tipli çoxmənzilli yaşayış binalarının enerji performansı mühəndislik modelləşdirməsi vasitəsilə qiymətləndirilir, müxtəlif retrofit və enerji səmərəliliyi strategiyalarının effektivliyi araşdırılır: “Məqsəd xarici təcrübəni olduğu kimi tətbiq etmək deyil, Azərbaycanın iqlim şəraitini, mövcud tikinti xüsusiyyətlərini və yaşayış fondunun real vəziyyətini nəzərə alan, elmi əsaslandırılmış və praktik tətbiq potensialına malik həllər müəyyənləşdirməkdir.Tədqiqatlarımda məqsədim həmçinin Azərbaycanın iqlim və tikinti şəraitinə uyğun, texniki və praktik baxımdan əsaslandırılmış retrofit həllərini araşdırmaq və əldə olunan nəticələrin gələcək layihə, pilot tətbiq və texniki yanaşmalar üçün faydalı elmi baza formalaşdırmasına töhfə verməkdir”.

Əli Hudulov uzunmüddətli perspektivdə bütün bilik və təcrübəsini Azərbaycana yönəltmək niyyətindədir: “Uzunmüddətli məqsədim bu istiqamətdə apardığım tədqiqatları davam etdirərək Azərbaycanın mövcud bina fondunun enerji performansının yaxşılaşdırılmasına elmi və mühəndislik baxımından töhfə verməkdir. Gələcəkdə yerli şəraitə uyğun retrofit metodologiyalarının və pilot layihələrin inkişaf etdirilməsi ilə yanaşı, əldə etdiyim bilik və təcrübəni paylaşaraq ölkəmizdə bu sahə üzrə ixtisaslı kadr potensialının gücləndirilməsinə və gənc mütəxəssislərin inkişafına da töhfə vermək istəyirəm. Qazanacağım bilik və bacarıqlar ölkəmizin inkişfına yönələcək”.

Qazanacağım bilik və bacarıqlar ölkəmizin inkişafına yönələcək