Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Açıq dərs" keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin xarici dil bacarıqlarının artırılması məqsədilə növbəti "Açıq dərs" təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Veb dizayner və proqram təminatçısı” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan dərs “Culture” (Mədəniyyət) mövzusuna həsr edilib. İngilis dili müəllimi Firuzə Məmmədovanın təqdimatında keçirilən dərsin əsas məqsədi tələbələrin mədəniyyət anlayışını mənimsəməsi, müxtəlif ölkələrin dəyərləri haqqında fikir mübadiləsi aparması və ingilis dilində ünsiyyət vərdişlərini təkmilləşdirmək olub.
İnteraktiv formada keçən dərs zamanı tələbələrin dinlədiyini anlama, oxuduğunu şərh etmə və şifahi nitq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib. Tələbələr mövzu ətrafında aktiv sual-cavab prosesində iştirak edib, müxtəlif praktiki tapşırıqları yerinə yetiriblər.
Mərkəzin digər müəllimlərinin də izlədiyi açıq dərsin sonunda metodiki müzakirələr aparılıb və dərsin keyfiyyəti yüksək qiymətləndirilib.



