Qısamüddətli kurslar ali təhsilə alternativ ola bilərmi? – Mütəxəssis baxışı

20 Avqust, 2026 - 16:07
Qısamüddətli kurslar ali təhsilə alternativ ola bilərmi?

Rəqəmsal texnologiyaların inkişafı təhsil imkanlarını da əhəmiyyətli dərəcədə dəyişdirib. Artıq müxtəlif qısamüddətli kurslar vasitəsilə proqramlaşdırma, xarici dil, dizayn, marketinq və digər sahələr üzrə bilik və bacarıqlar əldə etmək mümkündür.

Belə bir şəraitdə isə sual yaranır: belə kurslarda əldə olunan biliklər ali təhsilin verdiyi nəzəri və akademik hazırlığı əvəz edə bilərmi?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan tədqiqatçı Murad Əliyev hesab edir ki, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır:

“Universitetin əhəmiyyətini yalnız tələbəyə nə qədər məlumat verdiyi ilə ölçsək, bu zaman onun digər rollarını nəzərdən qaçıra bilərik.

Kursların universitet təhsilinə alternativ ola biləcəyi ilk növbədə onların müəyyən bilik və bacarıqları daha çevik şəkildə öyrənməyə imkan verməsi ilə bağlıdır. İnsan ehtiyac duyduğu mövzunu özü seçə, dərsləri öz vaxtına uyğun izləyə və yalnız ehtiyac duyduğu bacarığa yönələ bilər. Bu xüsusiyyət xüsusilə sürətlə dəyişən texnologiyalar və əmək bazarında yeni yaranan bacarıqlar üçün əhəmiyyətlidir. Çünki insan hər dəfə yeni bir bacarıq əldə etmək üçün uzunmüddətli təhsil proqramına başlamalı olsaydı, bu həm vaxt, həm də maliyyə baxımından səmərəli olmazdı. Son illərdə aparılan meta-analitik təhlillər də göstərir ki, öyrənmə nəticəsini yalnız təhsilin onlayn və ya əyani formada keçirilməsi ilə izah etmək düzgün deyil. Təlimin necə qurulması və tələbənin öyrənmə prosesində nə dərəcədə fəal iştirak etməsi daha mühüm amillərdir. Kurslar müəyyən bir mövzunu və ya bacarığı öyrənmək üçün çox yaxşı imkan yarada bilər və bəzi hallarda universitet dərsi ilə eyni dərəcədə səmərəli nəticə verə bilər. Lakin bu nəticə bizi daha vacib bir suala yönləndirir: universitetin verdiyi təhsil yalnız bilik əldə etməkdən ibarətdirmi?

Məhz burada kurslarla universitet təhsili arasındakı əsas fərq ortaya çıxır. Müəyyən məlumatı və ya texniki bacarığı öyrənmək ilə həmin bilikdən mürəkkəb vəziyyətlərdə istifadə etmək eyni məsələ deyil. Məsələn, tələbə statistik proqramda müəyyən analizin necə aparıldığını onlayn kurs vasitəsilə öyrənə bilər. Lakin real tədqiqat zamanı hansı analizin seçilməli olduğunu müəyyənləşdirmək, bu seçimin səbəbini izah etmək və alınan nəticəni tədqiqat sualı ilə əlaqələndirmək daha mürəkkəb prosesdir. Bu zaman tələbə hazır qaydanı sadəcə tətbiq etmir. O, problemi müəyyənləşdirir, müxtəlif yanaşmaları müqayisə edir və əldə etdiyi biliyi konkret vəziyyətə uyğunlaşdırır. Müəllimlik, tibb və mühəndislik kimi sahələrdə də oxşar vəziyyət yaranır. Nəzəri bilik peşəkar fəaliyyət üçün vacib əsasdır, lakin həmin bilikdən müxtəlif vəziyyətlərdə necə istifadə etmək ayrıca bacarıq tələb edir. Buna görə universitetin vəzifəsi yalnız tələbəyə nəyi bilməli olduğunu öyrətmək deyil, bildiklərindən istifadə edərək düşünməyi və əsaslandırılmış qərar verməyi də öyrətməkdir”.

“Universitetin əhəmiyyətini yalnız “tələbəyə nə öyrədir?” sualı ilə ölçmək olmaz”

M.Əliyev qeyd edib ki, bu məsələ onlayn təhsildə tələbənin öz öyrənmə prosesini necə idarə etməsi ilə də bağlıdır:

“Kurslar, xüsusilə onlayn kurslar tələbəyə daha çox sərbəstlik verir, lakin bu sərbəstlik eyni zamanda daha çox məsuliyyət yaradır. Tələbə dərsi nə vaxt izləyəcəyini, hansı mövzuya daha çox vaxt ayıracağını, çətinlik çəkdiyi hissəyə nə zaman qayıdacağını və öyrənməsini necə yoxlayacağını özü müəyyənləşdirməlidir. Təhsil psixologiyasında özünütənzimlənən öyrənmə nəzəriyyəsinin (self-regulated learning) əsas tədqiqatçılarından biri olan Barri Çimmerman göstərir ki, məqsəd qoymaq, öz fəaliyyətini izləmək və lazım gəldikdə öyrənmə üsulunu dəyişmək səmərəli öyrənmənin mühüm şərtlərindəndir. Bu yanaşma onlayn təhsil üçün xüsusilə əhəmiyyətlidir, çünki burada tələbə müəllimin birbaşa nəzarətindən daha çox öz qərarlarına əsaslanaraq öyrənir. Eyni zamanda, onlayn təhsildə tələbələrin nəticələrinin onların bu mühitin tələblərinə nə dərəcədə uyğunlaşa bilməsindən asılı olduğu da müəyyən edilmişdir. Deməli, onlayn kursun əlçatan olması hələ onun hər bir insan üçün eyni dərəcədə səmərəli olması demək deyil. Tələbənin müstəqil öyrənmə bacarığı zəifdirsə, ona verilən əlavə sərbəstlik öyrənməni asanlaşdırmaq əvəzinə çətinləşdirə bilər.

Lakin universitetin fərqli tərəfi yalnız tələbəyə müəyyən nəzarət və istiqamət verməsi ilə məhdudlaşmır. Universitetdə öyrənmə həm də insanların bir araya gəldiyi və bir-birinin düşüncəsinə təsir etdiyi bir prosesdir. Tələbə müəllimlə danışır, digər tələbələrin fikirlərini eşidir, sual verir, öz mövqeyini izah edir və bəzən müzakirə nəticəsində əvvəlki fikrini dəyişir. Bu prosesdə bilik sadəcə bir şəxsdən digərinə ötürülmür. Müxtəlif fikirlər qarşılaşdırılır və məsələ daha geniş şəkildə nəzərdən keçirilir. Müəllim də bu prosesdən kənarda qalmır. Tələbələrin sualları və fərqli yanaşmaları müəllimi mövzuya yenidən baxmağa və öz izahlarını dəyişdirməyə sövq edə bilir. Beləliklə, universitetdə öyrənmə qarşılıqlı münasibətlər üzərində qurulur. Mənim üçün universitetin əsas üstünlüklərindən biri də məhz budur. İnsan burada yalnız başqasının yaratdığı biliyi öyrənmir, başqaları ilə birlikdə həmin bilik üzərində işləyir.

Tədqiqat zamanı müəllim, tələbə və digər tədqiqatçılar mövcud məlumatı sadəcə mənimsəmirlər. Onlar cavabı məlum olmayan sualları müəyyənləşdirir, məlumat toplayır, nəticələri müqayisə edir və əvvəlki izahların kifayət etmədiyi hallarda yeni izahlar axtarırlar. Məqalənin hazırlanması, məlumatların təhlili, müzakirələrin aparılması və nəticələrin yoxlanılması müxtəlif fəaliyyətlər olsa da, hamısı yeni bilik əldə etmək məqsədinə xidmət edir. Burada universitetin digər təhsil formalarından fərqli xüsusiyyəti daha aydın görünür. İnsan yalnız mövcud olan biliklərə yiyələnmir, həm də bu biliklərin necə yarandığını və necə inkişaf etdirilə biləcəyini öyrənir. Buna görə universitetin əhəmiyyətini yalnız “tələbəyə nə öyrədir?” sualı ilə ölçmək kifayət etmir. Daha vacib suallardan biri universitetin insanların birlikdə yeni bilik yaratmasına necə şərait yaratmasıdır.

“Əsas ixtisas hazırlığını universitetdə əldə edə, sonradan bilik və bacarıqları kurslar vasitəsilə yeniləyə bilərsən”

Tədqiqatçı qeyd edib ki, bu yanaşma universitetin fənlərarası əlaqələr baxımından əhəmiyyətini də izah edir:

“Bunu bir sıra nümunələrlə izah etmək istəyirəm. İnsan psixologiya, pedaqogika və süni intellekt haqqında ayrı-ayrı onlayn kurslar keçə bilər. Lakin həmin kursların hər birini bitirmək bu sahələr arasında əlaqə yaratmağa avtomatik imkan vermir. Məsələn, süni intellektin təhsildə tətbiqini yalnız texnologiyanın imkanları ilə izah etmək kifayət deyil. Burada insanın necə öyrəndiyi, müəllimin hansı rolu oynadığı, qiymətləndirmənin necə aparıldığı, dil, etik məsələlər və təhsil siyasəti də nəzərə alınmalıdır. Bu sualların hər biri ayrıca bilik sahəsinə aiddir, lakin real təhsil problemi qarşısında onları bir-birindən ayırmaq mümkün deyil. Buna görə müxtəlif sahələr üzrə bilik sahibi olan insanların eyni problem üzərində işləməsi vacibdir. Universitet bu baxımdan xüsusi imkan yaradır, çünki müxtəlif ixtisaslar və müxtəlif baxışlar eyni təhsil və tədqiqat mühitində bir araya gəlir. Beləliklə, fənlərarası düşüncə sadəcə müxtəlif kursları keçməklə deyil, müxtəlif biliklərin konkret problem üzərində birləşdirilməsi ilə formalaşır.

İnsan yeni proqram təminatını öyrənmək, müəyyən texniki bacarıq əldə etmək və ya artıq sahib olduğu peşə biliklərini yeniləmək üçün onlayn kursdan daha rahat istifadə edə bilər. Bu imkan xüsusilə işləyən insanlar üçün əhəmiyyətlidir. Buna görə gələcəkdə universitet və kursların bir-birini əvəz etməsindən daha çox bir-birini tamamlaması ehtimalı yüksəkdir. İnsan əsas ixtisas hazırlığını universitetdə əldə edə, sonradan dəyişən əmək bazarının tələblərinə uyğun bilik və bacarıqları kurslar vasitəsilə yeniləyə bilər. Belə bir yanaşma təhsili iki ayrı sistemə bölmək əvəzinə onların müxtəlif ehtiyaclara cavab verdiyini qəbul etməyə imkan verir”.

Bu dəyişiklik universitetdən nə tələb edir?

Müsahibimizin sözlərinə görə, universitetlər onlayn təhsil imkanlarından istifadə edərək öz təhsil modelini daha çevik və zəngin edə bilərlər. Bunun üçün bir neçə konkret addım mümkündür:
“Universitetlər xarici ali məktəblərlə ortaq fənlər və ya modullar hazırlaya bilərlər. Məsələn, bir fənnin müəyyən hissəsini yerli, digər hissəsini isə tərəfdaş xarici universitetin müəllimi keçirə bilər. Tələbələr isə hər iki universitetdən olan iştirakçılarla birlikdə eyni layihə üzərində işləyə bilərlər. Beləliklə, onlayn imkan tələbəyə sadəcə xarici müəllimin dərsini izləmək yox, başqa ölkələrdən olan tələbələrlə birlikdə öyrənmək və fərqli yanaşmaları müqayisə etmək imkanı verər.

İkincisi, tələbənin kurslarda əvvəlcədən qazandığı bilik universitetdə nəzərə alına bilər. Bunun üçün yalnız sertifikata əsaslanmaq əvəzinə tələbənin həmin mövzunu həqiqətən öyrəndiyini müəyyən edən qısa imtahan və ya praktiki tapşırıq tətbiq etmək mümkündür. Tələbə tələb olunan səviyyəni göstərdikdə eyni mövzunu yenidən keçmək əvəzinə daha mürəkkəb tapşırığa və ya layihəyə yönəldilə bilər. Bu həm tələbənin vaxtına qənaət edər, həm də universiteti onlayn kursların verdiyi məlumatı təkrar edən deyil, həmin bilik üzərində daha yüksək səviyyəli iş aparan təhsil mühitinə çevirər.
Üçüncü istiqamət tələbələrə universitet proqramı daxilində seçdikləri onlayn kurslardan istifadə etmək imkanı verməkdir. Məsələn, iqtisadiyyat tələbəsi əsas ixtisas fənləri ilə yanaşı, xarici universitetin məlumat analitikası üzrə onlayn kursunu seçə bilər və həmin kursda öyrəndiklərini universitetdəki layihəsində tətbiq edə bilər. Bu halda onlayn kurs universitet təhsilindən ayrı qalmır, onun daxilində əlavə seçim imkanına çevrilir.

Ən əsası odur ki, bu imkanların yalnız ayrı ayrı universitetlərin təşəbbüsü ilə məhdudlaşmaması üçün dövlət tərəfindən də dəstək mexanizmləri yaradıla bilər. Məsələn, universitetlərə xarici ali məktəblərlə ortaq onlayn fənlər hazırlamaq, müəllim və tələbə mübadiləsini onlayn formatda təşkil etmək və birgə layihələr həyata keçirmək üçün xüsusi qrant proqramları təqdim oluna bilər. Bu yanaşma xüsusilə xaricdə uzunmüddətli təhsil və mübadilə imkanlarına çıxışı məhdud olan tələbələr üçün əhəmiyyətli ola bilər”.

M.Əliyev bildirib ki, əsas sual “Onlayn kurslar universiteti əvəz edəcəkmi?” olmamalıdır. Daha vacib sual budur: “İnsan istənilən məlumatı istənilən vaxt əldə edə bildiyi bir dünyada universitet hansı işi görməlidir?”

Universitetin gələcəyi bu suala verilən cavabdan asılıdır. Universitetin üstünlüyü artıq yalnız daha çox bilik verməkdə deyil: “Onun əsas üstünlüyü insanların birlikdə işləməsinə, müxtəlif sahələrdən olan bilikləri əlaqələndirməsinə, mövcud fikirləri sorğulamasına və yeni bilik yaratmasına şərait yaratmasındadır. Məhz bu xüsusiyyət onlayn kursların inkişaf etdiyi bir dövrdə universitetin əhəmiyyətini qoruyan əsas amillərdən biri olacaq”.