Təcrübələrin birləşməsi ortaq bilik istehsalı potensialı yaradır - Yurdagül Aydoğan
Türkiyə-Azərbaycan Universiteti yalnız bu günün deyil, gələcək onilliklərin də ortaq layihəsidir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan Bilik Gününə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, dövlətlərarası münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri həmin münasibətləri gələcəyə daşıyacaq insan kapitalıdır:
“Dövlətlər arasındakı münasibətlərin qalıcı olması yalnız imzalanan sazişlərlə bağlı deyil. Əsas davamlılığı həmin razılaşmaları gələcəyə daşıyacaq insan resursları təmin edir. Buna görə də təhsil Türkiyə-Azərbaycan münasibətlərinin ən strateji istiqamətlərindən biridir”.
Y.Aydoğan bildirib ki, Türkiyənin aparıcı universitetlərinin akademik təcrübəsinin Azərbaycanın elmi potensialı ilə birləşdirilməsi ortaq bilik istehsalı imkanlarını da genişləndirəcək:
“Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti kimi Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın güclü akademik infrastrukturu ilə birləşməsi yalnız keyfiyyətli təhsil modeli deyil, eyni zamanda ortaq bilik istehsal etmək potensialı yaradır”.
Təhsil müşaviri tələbələrə müraciət edərək onların iki ölkənin ortaq gələcəyini formalaşdıracaq mühitdə yetişdiklərini vurğulayıb:
“Siz yalnız bir universitetdə təhsil almırsınız. İki ölkənin ortaq gələcəyinin formalaşdığı bir mühitdə yetişirsiniz. Gələcəkdə Azərbaycanda texnologiya şirkəti qurduqda, Türkiyədə laboratoriyada araşdırma apardıqda və ya Bakı, Ankara, İstanbul, Gəncə, Şəki və Qarabağda yeni layihələrin iştirakçısı olduqda burada qurduğunuz əlaqələrin dəyərini daha yaxşı anlayacaqsınız”.
Y.Aydoğan əlavə edib ki, Türkiyə və Azərbaycan arasında təhsil əməkdaşlığı məktəbəqədər təhsildən ali təhsilə qədər geniş ekosistemi əhatə edir:
“Bakı Türk Anadolu Liseyi, Türkiyə Maarif Vəqfinin Azərbaycan Beynəlxalq Maarif Məktəbləri, Bakı Türk Anadolu Liseyi , Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi bu əməkdaşlığın mühüm hissələridir. Beləliklə, məktəbəqədər təhsildən ibtidai, orta və ali təhsilə qədər geniş bir təhsil ekosistemindən danışırıq. Bu ekosistemin hər bir halqası Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın gələcəyə daşınmasına xidmət edir”.




