Qiyabi təhsil üzrə plan yerləri azaldılacaq
"Ali təhsil müəssisələrində qiyabi təhsilalma forması üzrə təhsilin keyfiyyəti ciddi şəkildə şübhə altındadır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Ali Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, ali təhsil müəssisəsində əyani təhsilalma formasında 100 faizlik proqramın qiyabi təhsilalma formasında 30 faizi mənimsənilir, amma iki təhsilalma formasında da eyni diplom verilir. Bu, nə qədər effektivdir?!
"Qiyabi təhsilalma formasında tələbənin hər semestrdə bir neçə həftə gəlib getməsi təhsilin keyfiyyətinin göstəricisi deyil. Biz bu təhsilalma formasında plan yerlərini kifayət qədər azaldacağıq. Xüsusən insan həyatı üçün əhəmiyyət kəsb edən ixtisaslarda qiyabi təhsilalma forması ləğv olunacaq".


