QS 2027: Azərbaycan universitetlərinin əmək bazarında nüfuzu artır
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “QS Dünya Universitetləri Reytinqi 2027”nin nəticələri Azərbaycan universitetlərinin əmək bazarında nüfuzunun artdığını göstərir.
"Azərbaycan müəllimi" xəbər verir ki, nəticələrə əsasən, reytinqdə yer alan Azərbaycan universitetlərinin 89%-i “Employer Reputation” (İşəgötürən reputasiyası) göstəricisi üzrə mövqeyini yaxşılaşdırıb.
Xüsusilə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu indikator üzrə dünyada 253-cü yerdə qərarlaşaraq ölkənin ən yüksək nəticələrindən birini nümayiş etdirib. Eyni zamanda, məşğulluq nəticələri və işəgötürən reputasiyası üzrə əldə olunan müsbət dinamika Azərbaycan universitetlərinin qlobal rəqabət qabiliyyətinin və məzunlarının əmək bazarındakı mövqeyinin gücləndiyini göstərir.
Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqi 2027-də Azərbaycandan 10 universitet təmsil olunur və onların 8-i ötən illə müqayisədə mövqeyini yaxşılaşdırıb.




