Qubada aqrar təhsil və istehsalatın inteqrasiyasına həsr olunmuş konfrans keçirilib
Sentyabrın 9-da ADPU-nun Quba filialının təşkilatçılığı ilə “Aqrar təhsil və istehsalatın inteqrasiyası: məhsuldarlıq, məşğulluq və ərzaq təhlükəsizliyi” mövzusunda regional konfrans keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda təşkil olunan tədbir Kənd Təsərrüfatı Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə giriş nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev aqrar sahədə təhsilin, elmi tədqiqatların və istehsalat təcrübəsinin əlaqələn¬diril¬mə¬sinin vacibliyini vurğulayıb. Bildirib ki, Quba filialında “Aqronomluq” ixtisasının açılması bölgənin aqrar potensialına və mütəxəssis tələbatına uyğun kadr hazırlığına xidmət edir. Yeni ixtisas tələbələrə nəzəri biliklərini elmi tədqiqat və praktiki fəaliyyətlə birləşdirmək imkanı yaradacaq.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bu təşəbbüsü universitetin regionların sosial-iqtisadi inkişafına töhfəsi kimi qiymətləndirib. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov isə aqrar sahə üzrə mütəxəssis hazırlığının rayonun kənd təsərrüfatı imkanlarından daha səmərəli istifadəyə şərait yaradacağını bildirib.
Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli çıxışlarında aqrar sektorun inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi səmərəlilik və məş¬ğulluq məsələlərinə toxunublar. Torpaq ehtiyatlarının düzgün idarə olunmasının və keyfiyyətli ərzaq təminatının strateji əhəmiyyəti diqqətə çatdırılıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov elmi yeniliklərin və rəqəmsal həllərin istehsalatda tətbiqinin vacibliyindən danışıb. Nazirliyin nümayəndəsi Emin Əliyev nəzəri biliklərin praktik bacarıqlara və innovativ həllərə çevrilməsinin əhəmiyyətini vurğulayıb. Meyvəçilik və çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru dosent İlham Qaraqurbanlı isə Qubanın meyvəçilik ənənələrindən bəhs edərək yüksək məhsuldarlığın əldə olunmasında elmi yanaşmanın rolunu qeyd edib.
Konfransda aqrar təhsil, elm və istehsalat arasında əməkdaşlığın genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb. Universitet, dövlət qurumları, elmi müəssisələr və istehsalçılar arasında davamlı tərəf¬daşlığın qurulması əsas hədəflərdən biri kimi göstərilib. Belə əməkdaşlığın məhsuldarlığın artırılmasına, dayanıqlı məşğulluğa, gənclərin aqrar sahəyə marağının gücləndirilməsinə və ərzaq təhlükəsizliyinə xidmət edəcəyi vurğulanıb.
ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın moderatorluğu ilə davam edən tədbirdə “Aqronomluq” ixtisasının tələbələrinə müxtəlif nominasiyalar üzrə təşəkkürnamələr təqdim olunub.
Sonra institutda tələbələr üçün təşkil edilmiş auditoriyada görüş keçirilib. Daha sonra praktiki tanışlıq proqramı təşkil edilib. Qonaqlar tələbələr üçün yaradılmış aqroekologiya, analiz və bitkilərin mikroklonal çoxaldılması laboratoriyalarında aparılan işlərlə tanış olub, torpaq, su və bitki nümunələrinin tədqiqi prosesini izləyiblər. İstixana-tingçilik kompleksində və çöl təcrübə sahələrində onlara sortların yerli iqlim şəraitinə uyğunlaşdırılması və aqrotexniki qulluq qaydaları barədə məlumat verilib.




