Xudat məktəbində istilik problemi nə zaman həll ediləcək?
Xaçmaz rayonu Xudat şəhəri 4 nömrəli məktəb-liseydə istiliyin verilməsi dayandırılıb.
Məsələ ilə bağlı "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür:
"Xaçmaz rayonu Xudat şəhəri 4 nömrəli məktəb-liseydə istilik təminatı ilə bağlı yaranmış mövcud vəziyyətdən xəbərdarıq. Qeyd edirik ki, istilik sistemi xətlərində yaranmış nasazlıqla əlaqədar aidiyyəti üzrə məlumat verilib.
Qısa müddət ərzində məktəbin istilik təminatında yaranmış problemin tam aradan qaldırılması və tədris prosesinin normal şəraitdə davam etdirilməsi təmin ediləcək".
İdarənin açıqlamasında qeyd edilir ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil almaları prioritet istiqamətlərdəndir: "Bu baxımdan payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qüvvədə olan qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, şagirdlərin istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq hazırlıq işləri görülüb".
Qeyd edək ki, iki həftədən çoxdur, Xaçmaz rayonu Xudat şəhəri 4 nömrəli məktəb-liseydə istilik sistemi işləmir.


