Müəllim olmaq iz qoymaqdır - Xınalıq məktəbinin gənc müəllimi

6 Mart, 2026 - 14:50
Müəllim olmaq iz qoymaqdır

Azərbaycanın ucqar rayon və kəndlərində çətin şəraitə baxmayaraq, fədakarlıqla çalışan müəllimlərimiz gənc nəslin təlim-tərbiyəsi üçün peşə vəzifələrini layiqincə yerinə yetirirlər. Tariximizi və elmimizi sevdirməyi qarşısına məqsəd qoyan bu fədakar müəllimlərin hekayələri onların çətin relyef və şəraitdə göstərdikləri şücaəti nümayiş etdirir.    

“Azərbaycan müəllimi” bu dəfə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Rüfət Kəlbiyev adına Xınalıq kənd ümumi təyinatlı internat tipli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Natiq Məlikov ilə söhbət edib.

“İbtidai siniflərdə Xınalıq dili tədris olunur ki, bu da şagirdlərin ana dilini qoruyub saxlamasına və milli-mənəvi dəyərlərin yaşadılmasına mühüm töhfə verir”

Natiq Məlikov bakalavr təhsilini “Coğrafiya müəllimliyi” ixtisası üzrə Gəncə Dövlət Universitetində alıb. Magistr təhsilini isə Naxçıvan Dövlət  Universitetində “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisası üzrə davam etdirib. Pedaqoji fəaliyyətə 2016–2017-ci illərdə tərbiyəçi-müəllim kimi başlayıb. 2017-ci ildə MİQ imtahanında 60 bal üzərindən 43 bal toplayaraq özünün oxuyub bitirdiyi tam orta ümumtəhsil məktəbinə coğrafiya müəllimi kimi təyinat alıb və həmin ildən etibarən bu məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

Gənc müəllim 2025-ci ildə keçirilən sertifikasiya imtahanında 60 baldan 51 bal toplayıb. Qeyd edir ki, bu nəticəni həm peşəkar inkişafının göstəricisi, həm də gələcək fəaliyyəti üçün stimul hesab edir. Həmçinin 2025-ci il sentyabrın 1-dən Natiq Məlikov metodist fəaliyyətinə başlayıb: “Metodist olaraq müəllimlərlə təcrübə mübadiləsi aparıram, “açıq dərs”lər və seminarlar təşkil edirəm, metodik tövsiyələr hazırlayıram. Təhsil sahəsində ən böyük çətinlik dəyişən tələblərə uyğunlaşmaqdır. Amma bu çətinlik eyni zamanda bizi daim öyrənməyə və yenilənməyə vadar edir. Mən bunu problem kimi deyil, inkişaf imkanı kimi görürəm”. 
İşlədiyi məktəbdən danışan Natiq müəllim  bildirir ki, 2007-ci ildə tikilib istifadəyə verilən təhsil müəssisəsi 350–400 şagird yerlik internat tipli tam orta ümuməhsil məktəbidir: “Məktəbin ümumi vəziyyəti olduqca yaxşıdır. Sinif otaqları işıqlı və səliqəlidir, zəruri avadanlıqlarla təmin olunub, tədris üçün əlverişli şərait yaradılıb. İnternat tipli məktəb olduğu üçün şagirdlərin orada qalması, qidalanması və gündəlik tələbatlarının ödənilməsi üçün də uyğun sosial-məişət mühiti mövcuddur. Məktəbdə sağlam və müsbət pedaqoji atmosfer hökm sürür”.

N.Məlikov məlumat verir ki, məktəbdə tədris əsasən Azərbaycan dilində aparılır: “Siniflərdə şagird sayı 12–25 nəfər arasında dəyişir və dərslər birləşdirilmiş siniflər formasında keçirilmir. İbtidai siniflərdə isə Xınalıq dili də tədris olunur ki, bu da şagirdlərin ana dilini qoruyub saxlamasına və milli-mənəvi dəyərlərin yaşadılmasına mühüm töhfə verir”. 

Niyə məhz coğrafiya müəllimi olmağının səbəbini Natiq müəllim belə izah edir: “Coğrafiya fənnini seçməyim təsadüfi olmayıb. Mənim üçün coğrafiya yalnız xəritələr və materiklər deyil, bu, dünyanı dərk etmək, təbiət və insan arasındakı əlaqəni anlamaqdır. Dərslərimdə interaktiv metodlardan, xəritələrlə praktik işdən, müzakirə və təqdimatlardan istifadə edirəm. Magistr təhsilim zamanı qazandığım qiymətləndirmə və monitorinq biliklərini dərs prosesində tətbiq etməyə çalışıram. Şagirdlərimin coğrafiya fənninə marağı yüksəkdir. Xüsusilə real həyatla əlaqəli mövzular onların diqqətini daha çox cəlb edir. Bir təhsilverən olaraq məqsədim şagirdlərdə sadəcə faktoloji bilik formalaşdırmaq deyil, geniş dünyagörüşü və analitik düşüncə yaratmaqdır”. 

Natiq müəllimin sözlərinə görə, işlədiyi məktəbdə valideynlərlə əməkdaşlıq müsbət səviyyədə qurulub. Belə ki, onlarla müntəzəm əlaqə saxlanılır və şagirdlərin inkişafı birgə müzakirə olunur. Məktəbdə tədrisdən yayınma halları minimaldır və belə situasiyalarda fərdi yanaşma əsas prinsip kimi götürülür: “Məzunlarım arasında həm Bakı şəhərində, həm də regionlarda ali təhsillərini davam etdirən və artıq təhsilini uğurla başa vuran gənclər var. Şagirdlərin uğurları müəllim üçün ən böyük qürur və motivasiya mənbəyidir”.

Gənc müəllim fəaliyyət göstərdiyi tədris ocağı və gələcək planları ilə bağlı arzularını dilə gətirir: “Məktəbimizin maddi-texniki bazasının daha da gücləndirilməsini, coğrafiya kabinetinin interaktiv xəritələr və müasir texnologiyalarla zənginləşdirilməsini istərdim. Şagirdlərin praktik biliklərini artırmaq üçün ekskursiya və layihələrin sayının artması da arzumdur. Öz növbəmdə, üzərimdə davamlı işləməyi əsas prinsip hesab edirəm. Müasir təhsil yanaşmalarını izləyirəm, təlim və seminarların iştirakçısı oluram, yenilikləri dərs prosesinə inteqrasiya etməyə çalışıram. Gələcək hədəfim şagirdlərimin daha böyük nailiyyətlər qazanmasına və təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verməkdir”.

Çətin və eyni zamanda məsuliyyətli bir peşənin nümayəndəsi olan Natiq Məlikov müəllimliyin onun üçün nə ifadə etdiyini belə dilə gətirir: “Müəllimlik mənim üçün sadəcə peşə yox, bir məqsəddir. Müəllim gələcəyi formalaşdıran insandır. Biz sadəcə dərs keçmirik, biz insan yetişdiririk. Hər bir şagirdin gözündə ümid görmək, onun inkişafına şahid olmaq – bu hiss sözlə ifadə olunacaq qədər sadə deyil. Mən bu peşəni seçmədim, sanki bu peşə məni seçdi. Uşaqlarla işləmək, onların düşüncəsinə toxunmaq, bir cümlə ilə həyatlarında iz buraxmaq – bu mənim üçün ən böyük xoşbəxtlikdir. İnanıram ki, bir müəllimin sözü bəzən bir ömrün istiqamətini dəyişə bilər. Müəllim olmaq səbir deməkdir, sevgi deməkdir, inam deməkdir. Bəzən yoruluruq, amma bir şagirdin “mən bacardım” deməsi bütün yorğunluğu unutdurur. Müəllim olmaq iz qoymaqdır. Səssiz, amma dərin iz”.