Qüdrətli dövlət və yüksək rifah Azərbaycanın əsas hədəfidir - Firudin Qurbanov
“Müstəqil Azərbaycan son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə II Qarabağ Vətən müharibəsində qazanılan böyük zəfərlə deyil, həm də sosial-iqtisadi sahədə əldə etdiyi uğurlarla beynəlxalq aləmdə böyük nailiyyətlərə imza atıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetində Zəfər Günü ilə əlaqədar keçirilən “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” adlı konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov səsləndirib.
Nazir müavini qeyd edib ki, Qarabağda əldə olunan zəfər ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə yanaşı, sosial-iqtisadi inkişafın yeni konsepsiyasının işlənib hazırlanmasını və milli prioritetlərin müəyyən edilməsini zəruri edib.
“Qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin bərqərar edilməsi, Azərbaycanın milli kimliyinin dünyaya tanıdılması dövlətin əsas strateji hədəfinə çevrilib”,– deyə Firudin Qurbanov vurğulayıb.
O bildirib ki, bu istiqamətdə ilk mühüm addım Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədidir.
Firudin Qurbanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan milli prioritetlər bu gün ölkənin iqtisadi, sosial, siyasi və mədəni inkişafına istiqamət verən əsas konsepsiyadır.
Nazir müavini əlavə edib ki, bu hədəflərin reallaşdırılması üçün “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” təsdiq olunub və “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” devizi altında uğurla icra edilir.
Sonda o, hazırda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətində dövlət komissiyası tərəfindən intensiv işlərin aparıldığını bildirib.



