Qurub-quraşdırdılar, problemlərin həll yollarını göstərdilər: SAF 2025-dən REPORTAJ
STEAM Azərbaycan Festivalı yekunlaşdı. Həyəcanlı olduğu qədər maraqlı, əyləncəli, rəngli festivalın bağlanış mərasimində qaliblər mükafatlandırıldı.
Xatırladaq ki, STEAM Azərbaycan Festivalı 2021-ci ildən Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə hər il keçirilir. Festivalın məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.
Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər.
SAF 2025- də iştirakçıların fəaliyyəti qiymətləndirildi
“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov final tədbirində iştirakçıların nəticələrindən danışıb. Ayrı-ayrı kateqoriyalar üzrə ən yaxşı nəticələri açıqlayıb, zəif fəaliyyətlərlə bağlı tövsiyələr veriləcəyini vurğulayıb. Məsələn, 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulan “H2 Pro Grand Prix Pro” kateqoriyasında yarışan komandalara tövsiyə verib: “ Hidrogen maşınları şagirdlərin hidrogenlə işləyən avtomobilləri layihələndirdikləri, qurduqları və həmin maşınlarla yarışdıqları STEAM əsaslı yarış formatıdır. Ən çətin kateqoriyalardan olan sualtı və suüstü pilotsuz uçuş aparatları kateqoriyalarında 5 komanda seçilib. Həmin komandalara tövsiyələr olacaq”.
İ.Nəzərovun sözlərinə görə, peyk texnologiyaları üzrə bacarıqlarını yarışdıran şagirdlərin nəticələri ürəkaçandır. Sürətli robotlar yarışında şagirdlər çox yüksək nəticə əldə ediblər: ““NextGen Creators” – “Yaradıcı nəsillər” kateqoriyasında şagirdlərə mühəndislik və texniki bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək imkanı yaradılıb. Müsabiqə çərçivəsində iştirakçılar verilmiş texniki tələblərə uyğun olaraq möhkəm və funksional körpü modeli dizayn ediblər. Bu proses zamanı onlar mühəndislik prinsiplərinə əsaslanan hesablama və analitik düşünmə bacarıqlarından istifadə etməklə, innovativ və yaradıcı həllər təqdim ediblər. Körpü xüsusi təzyiq altında sıxılıb və sınma effekti yoxlanılıb. Məktəblilərin hazırladığı 1 kiloqramlıq körpü 67 kiloqramlıq yükü götürə bilib. İqrar Nəzərov bildirib ki, bu, kifayət qədər yüksək nəticədir. Başqa bir tapşırıqda iştirakçılar çap olunan avtomobilləri heç bir yapışdırıcıdan istifadə etmədən hərəkətə gətirməli və ən uzun yol qət etməli idilər. Məktəblilər bu sınaqdan da uğurla çıxıb və onların ən uzun yol gedən maşını 6.5 metrə çatıb”.
İ.Nəzərov qeyd edib ki, SAF 2025-də yarışan tələbələr kənd təsərrüfatı sahəsində ağıllı sistemlərə üstünlük veriblər: “Bu da bizi sevindirir, çünki hər ikisi Azərbaycan üçün vacib amildir”.
SAF-da həyəcanlı anlar yaşandığını deyən İ.Nəzərov məktəblilərə və bütün iştirakçılara müraciət edib: “Biz sizi innovasiya, yaradıcılıq, texnologiya dünyasına hazırlayırıq. Birlikdə gələcəyin mühəndislərini, liderlərini, yaradıcı düşüncə sahiblərini yetişdirməyə çalışırıq. Layihələrinizlə STEAM-ın nə qədər əhəmiyyətli ola biləcəyini sübut edirsiz. SAF sadəcə müsabiqə deyil, təhsilə olan həvəsnizin, çəkdiyiniz zəhmətin nəticəsidir. Bu platformada əsas məqsəd rəqabət yox, əməkdaşlıq, öyrənmə və təcrübə mübadiləsidir. Hər biriniz öz sahənizdə böyük istedad və fərqli yanaşma nümayiş etdirmisiniz, buna görə hər biriniz qalibsiniz”.
Bağbanın problemini məktəblilər həll etdi
SAF 2025-in qaliblərindən olan Zaqatala məktəblilərini fərqləndirən cəhət bir bağbanla tanışlıq zamanı ortaya çıxıb.
Aydın Sulxayev Zaqatala rayon Nizami Hüseynov adına 2 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. O, SAF 2025-ə yaşıdı Avropa Azərbaycan məktəbinin şagirdi Nihad Muradlı ilə qatılıb və uğur qazanıb. Komanda üzvləri bir-birini 5 ildir ki, tanıyırlar və bu onların ilk birgə işi deyil. Aydın Zaqataladan, Murad isə Balakəndə oxuduğu vaxt Robototexnika kursunda tanış olublar.
Aydın 2022-ci ildən SAF yarışlarına, Murad isə Zaqatalada dostlaşdığı ayrı-ayrı robot həvəskarları ilə komanda yaradıb müxtəlif yarışlara qatılıb. Muradın dediyinə görə, dostların yaratdığı komandalar sınaqlardan uğurla çıxıb. Məsələn, 2022-ci ildə Dünya Robot Olimpiadasının Azərbaycan turunun qaliblərindən, 2023-cü ildə Azərbaycanda keçirilən Dünya Robot Olimpiadasının birincisi olublar. Sonra uğurlarını Panamada davam etdiribl və 33 ölkə arasında keçirilən yarışda II yerə çıxıblar: “Avropa Azərbaycan məktəbində bu sahədə maraqları olan uşaqlar yoxdur. Ona görə də Zaqataladakı dostlarımla komanda yaradırıq”.
SAF-da hər dəfə “İnnovasiya və sahibkarlıq” kateqoriyasında yarışıblar: “Verilən mövzuya uyğun problem göstərib onun innovativ həllini verməliyik. Həmin həllin isə ya bənzəri olmamalı, ya da olan həlldən üstün yeni yol təklif etməliyik”.
Məktəblilər bu dəfə ziyanvericilərə qarşı ən yaxşı mübarizə yolu təklif ediblər və bu həll yolu müsbət nəticə verib.
Bakı və rayon məktəblilərinin təklif etdiyi həll yolu süni zəka əsaslıdır. Belə ki, yaratdıqları tətbiq sayəsində hazırladıqları robot istixanada, bağçada müşahidə aparır, xəstəliyi olan çiçəyi aşkarlayır və bu barədə məlumatı veb-sayta ötürür. Bu da bitkilərdə dəyişikliyi və xəstəliyi vaxtında aşkarlamağa imkan verir.
Onlar qalib olmalarının sirrini belə izah ediblər: “Dünyada 2 aktual mövzu var. Birincisi, süni intelllekt və ondan düzgün istifadə, ikincisi isə aqrotexnikadır. Üstəlik, layihəmizin dünyada bənzəri yoxdur. Biznes planı da beynəlxalq normativlərə uyğun hazırlamışıq”.
Yeniyetmələr deyirlər ki, yaratdıqları tətbiq gələcəkdə 5 sahədə faydalı olacaq: “Hətta biz onu Leqo kimi hazırlayıb STEAM mərkəzlərinə verə bilərik. Uşaqların bacarıqlarının artırılmasında faydalı ola bilər. Amma artıq layihəmizdən faydalanan olub. Robotumuzu gül yetişdirilən istixananda sınaqdan çıxardıq. Bağbana robotu təhvil verəndə istixanadakı güllərin əksəriyyəti xəstə idi. İndi oradan stendimizə qoymağa xəstə gül tapmadıq. Bağbanımız robotumuzun üstünlüyünü də qeyd etdi. Onun sözlərinə görə, robotumuz istənilən platformada rahat hərəkət edir. Çünki biz robotun tarazlıq nöqtəsini düzgün vermişik".
“Rolling minds” kateqoriyası üzrə yarışan və seçilərək mükafatlandırılan komandalardan biri Ağdaş məktəbliləri Şamil və Toğrulun yaratdığı komanda olub.
Şamil Atakişiyev və Toğrul Mikayılov V sinif şagirdləridirlər. M.Şeyxzadə adına İnternat tipli Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyada təhsil alırlar. Bir məktəbdə oxusalar da, STEAM Mərkəzində tanış olub komanda yaradıblar: “Əslində biz 3 dostuq. Müəllimimiz Günel Hacıyeva ilə hazırlaşdıq. Biz ikimiz bu kateqoriya, digər dostumuz isə başqa kateqoriya üzrə yarışa qatıldı”.
Onlar birinciliklərinin səbəbini belə izah ediblər: “Ən uzun yol qət edən və kreativ həll olaraq ən çox bal yığan birinci oldu. Festivalın ikinci günündə yarışlarımızı bitirmişdik, üçüncü günündə də verilən əlavə daha bir tapşırığı da uğurla yerinə yetirdik. Tapşırıqda bizə bir labirint verdilər və biz onu bir neçə dəyişimdə həll etdik. 3 aydır ki, bu kateqoriya üzrə hazırlaşırdıq. 1 dəqiqə içərisində sürətlə düşünüb tapşırığı yerinə yetirdik”.
İlk dəfə SAF 2023-ə qatılan uşaqlar Leqo üzrə bacarıqlarını yarışdırıblar və onda da birincilik qazanıblar.
Festivalın ən sürətli rezinli maşını Naxçıvandan gətirilib
Daha bir maraqlı kateqoriya üzrə - “Imagination to reality” kateqoriyası üzrə qaliblərlə tanış oluruq. Naxçıvandan qatılan 2 qalib komandada 6 şagird təmsil olunub.
Onlardan ikisi - Fuad Ramazanlı və Amil Xəlilzadə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin IX sinif şagirləridirlər.
Hazırladıqları gəmi və rezinli maşın modelləri barədə danışaraq deyiblər ki, onları məhz finala vəsiqə qazana bilmək üçün hazırlayıblar. Amma nəinki finala vəsiqə qazanıb, hətta qalib olublar. Qalib olacaqlarına inamlarını isə belə izah ediblər: “Dizaynını müxtəlif proqramlardan istifadə edərək hazırlamışıq, haradansa hazır model götürməmişik. Hazırladığımız rezinli maşın 15-16 metr gedə bilir. Ən böyük məsafə qət edən bizim maşınımız oldu”.
Fuad sinif yoldaşı Amil Xəlilzadə ilə birlikdə təmsil olunduğu komandada işləməkdən zövq aldığını, bir-birini yaxşı anladıqlarını deyir: “Bir-birimizlə işləməkdən zövq alırıq. Naxçıvan şəhərindəki STEAM Təlim-Tədris Mərkəzində təhsil alırıq. Mərkəz yaradıcı düşüncəmizin inkişafında da, elə hər hansı məhsulu ortaya çıxartmağımızda da bizə kömək edir. İdeyalarımızı məhz bu dəstək sayəsində gerçəkləşdirə bilirik”.
Özləri kimi hazırladıqları robotlar da əlbir işləyir
“RoboGames kids” kateqoriyasında yarışaraq birinci olan 5 komandadan biri “Legomania”dır. Komanda üzvləri Ülvi Şabanov və Ayla Laçınzadə öz məharətlərini ən yaxşı şəkildə göstəriblər. Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin V sinif şagirdi olan Ümid Şabanov Zaqatala rayon Zərifə Əliyeva adına Texniki təmayüllü liseyin III sinif şagirdi Ayla Laçınzadə ilə bilik və bacarıqlarını STEAM Mərkəzində birləşdiriblər. Özləri kimi hazırladıqları robotlar da əlbir işləyir: “Mərkəzdə biz Ayla ilə kiçik robotlar düzəldirdik. Beləcə, dostlaşdıq. Bu yarışa isə müəllimlərimizlə birlikdə araşdıraraq bir qərara gəldik. Su altında tullantıları toplayan robot hazırlamağı qərara aldıq”.
Kəşfiyyatçi və tullantı yığan robotlar müştərək çalışır. “Pinqvin” adlandırdıqları kəşfiyyatçı tullantı aşkarlayan kimi zibil yığan robota məlumat verir, o da görülmüş zibili götürür. Hələlik quru platformada çalışır, uşaqlar onun təkərlərini və bəzi başqa hissələrini dəyişərək təkmilləşdirib su içində də işini təmin edə biləcəklərini düşünürlər”.
İlk dəfə yarışa qatılan uşaqlar növbəti yarışlara daha təkmil işlərlə qatılacaqlar. Ümid deyir ki, gələcəkdə kompüter mütəxəssisi olub proqramlaşdırma ilə məşğul olacaq: “Qarşılaşdığım problemləri texnologiyanın köməyi ilə həll etmək istəyirəm”.
Qax məktəbliləri 6 metr məsafədə uçan aparatla əlaqə qurublar
Məhərrəm Aydınlı sinif yoldaşı Ayan Xəlilli ilə komanda yaradıb “CubeSat” kateqoriyasında yarışlara qatılıb. Mini peyk texnologiyaları ilə maraqlanan məktəblilər 6 metr məsafədə uçan aparatla əlaqə qurmağa nail olublar.
2 nəfərdən ibarət komandada vəzifələr dəqiq bölünüb. İdeyanı Məhərrəm proqramlaşdırır, Ayan dizayn edir: “Yay tətilində başladıq, 3 ay ərzində hazırladıq. Mən proqramlaşdırdım, Ayan isə dizayn verdi. Həm işimizi, həm də vaxtımızı düzgün bölür, səmərəli işləyirik”.
Qax şəhər 2 nömrəli məktəb liseyin şagirdləri Qax şəhər STEAM Mərkəzinin yetirmələridirlər. Ayandan fərqli olaraq Məhərrəmin bu il SAF-da iştirakı ilk deyil: “İlk dəfə 2023-cü ildə iştirak etdim və fərqli kateqoriyada I yeri qazandım. “CubeSat” kateqoriyasında isə ikinci dəfə yarışır və qazanıram. Ötən il III yerə layiq görülmüşdüm, bu il birinci oldum”.
SAF-da ilk qələbə sevinci
Festivalın finalında əcnəbilər də var. Qaliblərdən biri Slovakiya məktəblilərinin “Strojar riders” komandasıdır. Onlar “H2 Pro Grand Prix Pro” kateqoriyası üzrə yarışırlar. Məlumat üçün qeyd edək ki, 13-17 yaşlı şagirdlər üçün nəzərdə tutulan bu kateqoriya üzrə şagirdlər hidrogenlə işləyən avtomobillər layihələndirir, qurur və həmin maşınlarla yarışırlar.
Komandada 2 sürücü, 2 mexanik var. Yarışda onlar maşınları hərəkətə gətirir, amma özləri içərisində olmağı arzulamırlar. Ona görə yox ki, sürətlə gedən maşınların içərisində olmaqdan qorxurlar, ona görə ki, sürməyi yox, maşınları hərəkətə gətirməyi xoşlayırlar. Gələcəkdə mühəndis olmağı planlaşdırırlar.
XI sinif şagirdlərindən ibarət komanda SAF-da olmaqdan çox məmnundur. Bundan əvvəl başqa yarışlarda da iştirak ediblər. Amma ilk dəfə SAF 2025-də qalib olub və bunun xoşbəxtliyini yaşayırlar.
Foto: Kənan Qafarov




