Rayonda işləyən müəllim Bakıdakı təmayül məktəbdə dərs deyə bilər? – AÇIQLAMA
Hər hansı bir regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil müəssisəsində çalışan müəllimlərin Bakıda və ya digər regionda yerləşən yeni təmayül tədris modelli məktəbdə işləyə bilib-bilməyəcəyinə aydınlıq gətirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində məlumat verib.
O bildirib ki, meyarlar arasında bu, yoxdur, buna görə də digər regional təhsil idarəsinin tabeliyində olan müəllimlər Bakıdakı təmayüllü məktəblərdə tədrisə cəlb oluna bilməzlər: “Meyarlara əsasən, ilk olaraq təmayül tədris modeli tətbiq olunan məktəbdə çalışan müəllim, ikinci olaraq təmayül tədris modeli tətbiq olunan məktəbin yerləşdiyi ərazidə olan digər məktəblərdə çalışan müəllimlər, sonra BŞTİ-nin tabeliyində olan məktəblərin müəllimləri müsahibədə iştirak hüququ qazana bilərlər”.




