Region məktəblilərinin RFM sınağı: Yarımfinala ən çox hansı bölgə şagird göndərir?

13 Aprel, 2026 - 12:16
Region məktəblilərinin RFM sınağı:

Son günlər regionlarda təhsil gündəminin əsas mövzusu şübhəsiz ki, Respublika fənn müsabiqələri və Lütfi Zadə adına məntiq-riyaziyyat olimpiadasıdır. Rayon və şəhər mərhələlərinin nəticələri artıq bəllidir və rəqəmlər göstərir ki, bu il region məktəbliləri arasında rəqabət kifayət qədər güclüdür. Cəmi bir neçə həftə sonra — mayın 2-də keçiriləcək yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərin aktivliyi və sayı təhsilin coğrafi hüdudlarının necə genişləndiyini aydın nümayiş etdirir.

Statistikaya daha yaxından nəzər salsaq, mənzərənin zirvəsində Abşeron-Xızı regionunun məktəblilərini görürük. Bu regiondan düz 1383 şagird yarımfinala adlayıb. Burada Sumqayıt şəhəri 1011 nəfərlik göstərici ilə faktiki olaraq "lokomotiv" rolunu oynayır. Onu Abşeron rayonu 344 nəfərlə, Xızı isə 28 nəfərlə izləyir.

Şəki-Zaqatala bölgəsi də bu il zəngin intellektual potensial nümayiş etdirərək 815 şagirdlə siyahının ön sıralarında qərarlaşıb. Gəncə və Daşkəsən ərazisindəki məktəblərdən isə 692 nəfər eyni uğura imza atıb.

Maraqlıdır ki, kəmiyyət göstəriciləri ilə yanaşı, bəzi bölgələrdə fərdi keyfiyyət nəticələri də heyrətamizdir. Məsələn, Şirvan-Salyan bölgəsi üzrə 486 şagird yarımfinala keçid hüququ qazansa da, onlardan 14 nəfərinin rayon mərhələsində maksimum — 100 bal toplaması fərdi hazırlığın zirvədə olduğunu göstərir. Analoji fəallığı Mərkəzi Aran məktəbliləri (633 nəfər), Quba-Xaçmaz (507 nəfər) və Qazax-Tovuz (505 nəfər) bölgələri də davam etdirir. V siniflərin Lütfi Zadə olimpiadasında, VI və VII siniflərin isə riyaziyyatdan biologiyaya qədər müxtəlif fənn müsabiqələrində göstərdiyi bu nəticələr həm də məktəblərdəki təbiət və dəqiq elmlərə olan marağın bariz nümunəsidir.

Cənub və Qarabağ istiqamətlərindəki məktəblər də öz ənənələrinə sadiq qalıblar. Lənkəran-Astara bölgəsindən 334, Qarabağ bölgəsindən isə 264 şagird yarımfinala vəsiqə qazanıb. Şərqi Zəngəzurdakı məktəblərdən 248 nəfər uğur qazanıb ki, burada da Qubadlı (81 nəfər) və Cəbrayıl (62 nəfər) rayonları liderlik edir. Onların ardınca Laçın (42 nəfər), Kəlbəcər (38 nəfər) və Zəngilan (25 nəfər) məktəbliləri gəlir. Mil-Muğan 224, Dağlıq Şirvan bölgəsi isə 209 nəfərlik heyətlə final sınağına hazırlaşır.

Görünür ki, bu şagirdlər üçün  final mərhələsi əsl sınaq meydanı olacaq.