Regional universitetlər bölgələrin kadr ehtiyacını necə nəzərə alır? – ARAŞDIRMA
Son illər Azərbaycanda regional universitetlərin inkişafı istiqamətində ardıcıl addımlar atılır. Yeni ixtisaslar açılır, maddi-texniki baza yenilənir, universitetlərin elmi və akademik potensialının gücləndirilməsi üçün layihələr həyata keçirilir. Lakin bütün bunların fonunda bir sual aktuallığını qoruyur: regional universitetlər fəaliyyət göstərdikləri bölgələrin əmək bazarının tələbatına uyğun mütəxəssis hazırlaya bilirmi? Çünki hər bir regionun öz iqtisadi profili və inkişaf istiqamətləri var. Aqrar sahənin üstünlük təşkil etdiyi bölgənin kadr ehtiyacı ilə sənaye və ya turizm mərkəzinin tələbləri eyni deyil.
Bəs qəbul planı hazırlanarkən bu amillər necə nəzərə alınır? Regional universitetlər əmək bazarındakı dəyişiklikləri izləyirmi? Hazırlanan mütəxəssislər regionlarda iş tapa bilirlərmi?
“Azərbaycan müəllimi” mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Qəbul planı necə formalaşdırılır?
Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə proqnoz rəqəmləri ali təhsil müəssisələrinin təqdim etdikləri təkliflər əsasında formalaşdırılır. Təkliflər hazırlanarkən əmək bazarının kadr tələbatı, ali təhsil müəssisələrinin maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı və digər müvafiq amillər nəzərə alınır. Təqdim olunan təkliflər Elm və Təhsil Nazirliyi tərəfindən təhlil edilir, dövlətin sosial-iqtisadi inkişaf prioritetləri və strateji sənədlərdə müəyyən edilmiş hədəflər nəzərə alınmaqla qəbul planına zəruri düzəlişlər edilir.
Nazirlikdən həmçinin bildirilib ki, dövlət sifarişli qəbul yerləri regionlar və ya ali təhsil müəssisələri üzrə deyil, ixtisaslar üzrə müəyyən edilir: “Son illərdə ümumi təhsil müəssisələrinin məzunlarının sayındakı artım və ali təhsilə artan tələbat nəzərə alınaraq bakalavriat və magistratura səviyyələri üzrə qəbul planı genişləndirilib, bu artım regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul planlarında da əksini tapıb.
Belə ki, son beş ildə regionlarda yerləşən ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə ayrılan qəbul yerlərinin sayı 30 faizdən çox artırılıb, informasiya texnologiyaları və əmək bazarında yüksək tələbat olan digər istiqamətlər üzrə yeni ixtisaslar yaradılıb”.
Regionlarda hansı mütəxəssislərə ehtiyac var?
Elm və Təhsil Nazirliyinin təqdim etdiyi mexanizmdə əsas meyarlardan biri əmək bazarının tələbatıdır. Bu tələbatın necə müəyyənləşdirildiyi isə növbəti sualdır. Regionlar üzrə kadr ehtiyacı hansı məlumatlara əsasən proqnozlaşdırılır?
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan verilən məlumata görə, əmək bazarında mövcud və perspektiv kadr ehtiyatları təhsil pillələri üzrə mütəmadi araşdırılır. Bu fəaliyyətlər Elm və Təhsil Nazirliyi, ona tabeli qurumlar və universitetlərlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir:
“Məzunların məşğulluq göstəricilərinə dair aparılan təhlillərin nəticələri nazirliyə və universitetlərə təqdim olunur. Beləliklə, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə töhfə verilir.
Təhlilər göstərir ki, regionlarda səhiyyə və sosial xidmətlər sahəsi geniş şəkildə təmsil olunur və bu istiqamətdə mütəxəssislərə ehtiyac yüksəkdir.
Regionların inkişafı ilə əlaqədar olaraq tikinti, nəqliyyat və anbar sahələrində ixtisaslı kadrlara ehtiyac aydın görünür. Bu istiqamətlər əmək bazarında texniki və texnoloji ixtisasların rolunu gücləndirir. Kənd təsərrüfatı ixtisasları isə regionların iqtisadi dayaqlarından biri kimi mühüm əhəmiyyət daşıyır və aqrar mütəxəssislərə olan sabit tələbatı qoruyur.
Peşə, elmi və texniki fəaliyyət sahəsində isə innovasiya yönümlü ixtisasların üstünlüyü müşahidə olunur ki, bu da müasir texnoloji inkişafla bağlı kadr tələbatının artdığını göstərir”.
Qurumdan bildirilib ki, gələcək dövr üçün aparılan proqnozlar informasiya texnologiyaları, innovasiya və yaşıl enerji sahələrində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasının strateji əhəmiyyətini önə çıxarır.
“Regional universitetlər yerli əmək bazarının formalaşmasında rol oynayır”
Əmək bazarının ehtiyacları müəyyənləşdirilir, proqnozlar hazırlanır və bu məlumatlar ali təhsil müəssisələri ilə paylaşılır. Bəs bu mexanizm regionların ehtiyacına uyğun kadr hazırlığına nə dərəcədə xidmət edir?
Təhsil mütəxəssisi Elçin Süleymanov bildirib ki, son illər regional universitetlərdə ciddi inkişaf müşahidə olunur. Onun sözlərinə görə, Gəncə, Mingəçevir, Naxçıvan Dövlət və Qarabağ universitetlərinin inkişaf dinamikası göstərir ki, bu ali təhsil müəssisələri artıq bir çox istiqamətlər üzrə paytaxt universitetlərindən geri qalmırlar: “Bu ali məktəblər təhsil proqramlarını mütəmadi yeniləyir, beynəlxalq əməkdaşlıqlarını genişləndirir və beynəlxalq reytinqlərdə yer almağa davam edirlər. Təbii ki, hər bir regionun prioritet inkişaf istiqamətləri və əmək bazarının tələbatı nəzərə alınaraq universitetlərin tədris proqramları və ixtisas portfeli də mütəmadi yenilənməlidir. Bununla yanaşı, hesab edirəm ki, universitetləri “regional” və “paytaxt” universitetləri kimi təsnif etmək də tam doğru yanaşma deyil. Universitet, ilk növbədə, universitetdir. Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə nəzər saldıqda görürük ki, Oksford, Kembric və Harvard kimi universitetlər paytaxtlarda deyil, regionlarda yerləşirlər. Buna baxmayaraq, onlar dünyanın aparıcı universitetləri hesab olunur. Bu baxımdan universitetləri yerləşdikləri əraziyə görə deyil, təqdim etdikləri təhsilin keyfiyyətinə, elmi potensialına və beynəlxalq reytinqlərdə tutduqları mövqeyə görə qiymətləndirmək daha məqsədəuyğundur”.
Mütəxəssisin fikrincə, regional inkişaf baxımından universitetlərin rolu əvəzolunmazdır, çünki universitetlər eyni zamanda innovasiya mərkəzləridir: “Tələbələrin sayının artması məşğulluğa müsbət təsir göstərir, şəhər iqtisadiyyatını canlandırır, xidmət sektorunun inkişafını stimullaşdırır və bütövlükdə region üçün əlavə iqtisadi dəyər yaradır. Məşğulluq məsələsinə gəldikdə, məsələn, Naxçıvan Muxtar Respublikasında çalışan mütəxəssislərin böyük hissəsi Naxçıvan Dövlət Universitetinin məzunlarıdır. Bu fakt regional universitetlərin yerli əmək bazarının formalaşmasındakı rolunu açıq şəkildə göstərir. Bundan başqa, hər kəsin təhsil almaq üçün paytaxta köçməsi mümkün olmur. Nəqliyyat, maddi imkanlar və bəzi ailələrin sosial-mədəni xüsusiyyətləri də buna təsir edir. Xüsusilə bəzi ailələr övladlarını təhsil almaq üçün uzaq şəhərlərə göndərməyə tərəddüd edirlər. Bu baxımdan regionlarda güclü universitetlərin fəaliyyət göstərməsi həmin ərazilərdə təhsilin əlçatanlığını artırmaqla yanaşı, regionun sosial-iqtisadi inkişafına da ciddi töhfə verir”.
E.Süleymanov dünya təcrübəsinə də toxunaraq qeyd edib ki, Türkiyədə son illərdə 250-yə yaxın universitetin yaradılması, xüsusilə onların böyük hissəsinin regionlarda yerləşdirilməsi hər bölgədə innovasiya mərkəzlərinin formalaşdırılması məqsədi daşıyır. O bildirib ki, bu universitetlər fəaliyyət göstərdikləri şəhərlərin iqtisadi və sosial inkişafına mühüm təsir göstərirlər.
Müsahibimiz qeyd edib ki, qarşıdakı əsas məqsəd regionlarda yerləşən ali təhsil müəssisələrinin daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin regionların prioritet inkişaf istiqamətlərinə və əmək bazarının tələblərinə uyğunlaşdırılması, həmin bölgələr üçün zəruri olan ixtisaslar üzrə peşəkar kadrların hazırlanmasına daha çox diqqət yetirilməsidir: “Regional universitetlərin beynəlxalq miqyasda tanınması, elmi nüfuzunun artması və paytaxt universitetləri ilə sağlam rəqabət aparması Azərbaycan ali təhsil sisteminin inkişafı baxımından olduqca müsbət tendensiyadır”.
Ekspertin fikrincə, son illər regional universitetlərdə müsbət dəyişikliklər müşahidə olunsa da, təhsil proqramlarının regionların prioritet inkişaf istiqamətlərinə uyğun yenilənməsi davamlı proses olmalıdır.
“Ali məktəbin uğuru məzunlarının əmək bazarında nə dərəcədə uğur qazanması ilə ölçülür”
Bəs regional universitetlər ixtisas seçimini və tədris prosesini bölgələrin dəyişən ehtiyaclarına uyğunlaşdıra bilirmi?
Mingəçevir Dövlət Universitetinin (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov açıqlamasında qeyd edib ki, bu regional universitetdə qəbul planı və ixtisas portfelinin formalaşdırılması regionun sosial-iqtisadi inkişaf prioritetləri, ölkənin strateji inkişaf hədəfləri, əmək bazarındakı dəyişikliklər və işəgötürənlərin gözləntiləri nəzərə alınmaqla həyata keçirilir: “Universitetdə bu istiqamətdə sistemli yanaşma tətbiq olunur. Müxtəlif dövlət qurumları, sənaye müəssisələri, biznes subyektləri və digər işəgötürənlərlə mütəmadi görüşlər keçirilir, onların kadr ehtiyacları və gələcək gözləntiləri öyrənilir, əmək bazarının inkişaf meyilləri təhlil edilir. Eyni zamanda, məzunların məşğulluq göstəriciləri, işəgötürənlərin rəyləri və beynəlxalq təcrübə təhsil proqramlarının yenilənməsi prosesində əsas istinad mənbələrindən biri kimi nəzərə alınır. Hesab edirik ki, ali təhsil müəssisəsinin uğuru yalnız hazırladığı məzunların sayı ilə deyil, onların əmək bazarında nə dərəcədə uğur qazanması ilə ölçülür. Məhz buna görə də universitetimizdə qəbul planlaşdırılması, yeni ixtisasların müəyyənləşdirilməsi və təhsil proqramlarının təkmilləşdirilməsi əmək bazarının real ehtiyacları ilə sıx əlaqələndirilir və bu istiqamətdə davamlı iş aparılır”.
Son illərdə regionun iqtisadi tələbatına uyğun açılan yeni ixtisaslardan bəhs edən A.Mirzəbəyov qeyd edib ki, 2026/2027-ci tədris ilindən MDU-da əmək bazarının müasir çağırışlarına və regionun inkişaf perspektivlərinə uyğun dörd yeni ixtisas üzrə tələbə qəbuluna başlanılacaq: “Bunlar “Kompüter mühəndisliyi” (ingilis dilində), “Turizm işinin təşkili” (ingilis dilində), “Beynəlxalq ticarət və logistika” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarıdır.
Bununla yanaşı, universitetimizdə fəaliyyət göstərən İş dünyası və məzunlarla əlaqə şöbəsi və Təcrübə və karyera şöbəsi işəgötürənlərlə əlaqələrin koordinasiyasında mühüm rol oynayır. İşəgötürənlərin rəy və təklifləri təhsil proqramlarının təkmilləşdirilməsi prosesində nəzərə alınır ki, bu da məzunlarımızın əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə, regionda və ölkə üzrə məşğulluq imkanlarının artmasına töhfə verir”.
Onun sözlərinə görə, universitetin müvafiq şöbələri tərəfindən məzunların məşğulluq vəziyyəti mütəmadi olaraq monitorinq edilir, onların əmək bazarına inteqrasiyası ilə bağlı məlumatlar toplanır və təhlil olunur: “Monitorinqlər zamanı məzunların ixtisasları üzrə məşğulluq səviyyəsi, fəaliyyət göstərdikləri müəssisələr, regionda və ya digər ərazilərdə çalışmaları, həmçinin işəgötürənlərin məzunlarımızın peşə hazırlığı ilə bağlı rəyləri öyrənilir. Əldə olunan nəticələr təhsil proqramlarının yenilənməsi, tədris prosesinin təkmilləşdirilməsi və yeni ixtisasların planlaşdırılması zamanı əsas məlumat mənbələrindən biri kimi istifadə edilir”.
Müsahibimiz regional universitetlərin bölgələrin kadr ehtiyacını daha effektiv qarşılaya bilməsi üçün hansı dəyişikliklərə ehtiyac olduğu məsələsinə də aydınlıq gətirib: “Hesab edirəm ki, regional universitetlərin inkişafına regionun sosial-iqtisadi inkişafına töhfə verən strateji tərəfdaş kimi yanaşılmalıdır. Bu baxımdan universitet–dövlət–işəgötürən əməkdaşlığının daha da gücləndirilməsi, əmək bazarının tələblərinin mütəmadi təhlil edilməsi və bu nəticələrin təhsil proqramlarında çevik şəkildə əks etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, təhsil proqramlarının hazırlanması və yenilənməsi prosesində işəgötürənlərin daha fəal iştirakı təmin edilməli, tətbiqyönümlü və layihəəsaslı təhsil yanaşmaları genişləndirilməli, istehsalat və pedaqoji təcrübələrin keyfiyyəti daha da artırılmalıdır”.
A.Mirzəbəyovun sözlərinə görə, dual təhsil elementlərinin tətbiqinin genişləndirilməsi, tələbələrin təhsil aldıqları müddətdə real iş mühitində peşə bacarıqları qazanması onların məzun olduqdan sonra əmək bazarına daha sürətli inteqrasiyasına şərait yaradar:
“Bununla yanaşı, universitetlərdə məzunların məşğulluğunun sistemli monitorinqi daha da təkmilləşdirilməli, işəgötürənlərin məzunların peşə kompetensiyaları ilə bağlı rəyləri müntəzəm şəkildə öyrənilməli və təhsil proqramlarının təkmilləşdirilməsində istifadə olunmalıdır. Regional universitetlərin elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi, sənaye və biznes sektoru ilə birgə layihələrin sayının artırılması da onların bölgələrin inkişafındakı rolunu əhəmiyyətli dərəcədə artıracaq.
Hesab edirəm ki, bu istiqamətlər üzrə sistemli fəaliyyət nəticəsində regional universitetlər innovasiyanın, sahibkarlığın, texnologiya transferinin və insan kapitalının inkişafının aparıcı mərkəzlərinə çevriləcək. Bu da öz növbəsində regionların dayanıqlı sosial-iqtisadi inkişafına və ölkənin ümumi rəqabətqabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək”.
Göründüyü kimi, regional universitetlərdə qəbul planı və təhsil proqramları hazırlanarkən əmək bazarının tələbatı nəzərə alınır. Bunun üçün dövlət qurumları tərəfindən proqnozlar hazırlanır, universitetlər isə işəgötürənlərlə əməkdaşlıq və məzunların məşğulluq göstəricilərindən istifadə etdiklərini bildirirlər. Bu yanaşmanın regionların real kadr ehtiyacını nə dərəcədə ödəyəcəyi isə növbəti illərdə əmək bazarının göstəricilərində daha aydın görünəcək.




