TUM-un vitse-prezidenti: Tələbələrə sənaye ilə əməkdaşlıq imkanları da  təqdim ediləcək

16 Sentyabr, 2026 - 16:04
TUM-un vitse-prezidenti: Tələbələrə sənaye ilə əməkdaşlıq imkanları da  təqdim ediləcək

Azərbaycanda yeni kompüter elmləri proqramı fəaliyyətə başlayacaq və Münhen Texniki Universiteti (TUM) bu proqramın hazırlanması üçün öz akademik təcrübə və biliklərini bölüşəcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Münhen Texniki Universitetinin (TUM) vitse-prezidenti Alex Braun jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, TUM Münhendə formalaşdırdığı ekosistem və təcrübə əsasında Azərbaycanda yeni və transformativ proqramların yaradılmasına töhfə verəcək:

“Biz Münhendə yalnız tələbələrimizdə sahibkarlıq düşüncəsinin formalaşdırılmasını deyil, həm də şirkətlər və sənaye ilə çox sıx əməkdaşlığı əhatə edən ekosistem üzrə geniş təcrübəyə malikik. Bu yanaşma akademik mühitlə sənaye arasındakı boşluğu aradan qaldırır və gələcəkdə şirkətlər üçün böyük üstünlük yaradacaq. Şirkətlər yüksəkixtisaslı yeni məzunları işə cəlb edə biləcək, tələbələr isə proqram çərçivəsində qazandıqları ideyaları birbaşa praktikaya tətbiq edərək sənayedə mövcud olan problemlərin həllinə töhfə verə biləcəklər”.
Alex Braun bildirib ki, proqram tələbələrə həm fundamental biliklər, həm də sənaye ilə əməkdaşlıq imkanları təqdim edəcək:

“Proqram bütün fundamental istiqamətlər üzrə dərin, ətraflı və qabaqcıl təhsili əhatə edəcək. Bununla yanaşı, sənaye ilə əməkdaşlıq, startap və sahibkarlıq düşüncəsinin inkişafına yönəlmiş proqramlar da burada mühüm yer tutacaq”.

O qeyd edib ki, əsas məqsədlərdən biri tələbələrin sənayenin real tələblərini dərindən anlamasına şərait yaratmaqdır:

“Beləliklə, tələbələr sənayenin ehtiyacları barədə dərin anlayış əldə edəcək və gələcəkdə sənaye üçün dəyərli, yüksəkixtisaslı mütəxəssislər kimi yetişəcəklər”.