Regionların təhsil nəticələrindəki fərqlər azaldılacaq – MÜTDA

11 Sentyabr, 2026 - 13:29
Regionların təhsil nəticələrindəki fərqlər azaldılacaq

Yeni tədris ili ilə bağlı qarşıya qoyulan əsas hədəflərdən biri regionlar arasındakı təhsil nəticələrinin fərqinin azaldılmasıdır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni tədris ili ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmri var:
“Həmin əmrdə qarşımızda çox aydın, ölçülə bilən və obyektiv hədəflər müəyyən olunub. Bu hədəflərdən biri də regionlararası fərqin azaldılmasıdır. PISA nəticələrində ümumilikdə ölkə üzrə bütün istiqamətlərdə həm oxu, həm riyazi savadlılıq, həm də təbiət fənləri üzrə müsbət dinamika müşahidə olunsa da, bəzi regionlarda və qruplarda ciddi çatışmazlıqlar, zəif nəticələr var. Bu, yeni tədris ilində keyfiyyət planımızın əsas prioritet istiqamətlərindən biri olacaq. Qeyd olunan regionlarda fəaliyyətlərimizin intensivliyini, dəstək və müdaxilə tədbirlərimizi artıracağıq”.