Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır

8 Aprel, 2026 - 10:31
Rektor: 2030-cu ilədək tədrisin 80%-nin elektronlaşdırılması planlaşdırılır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəqəmsal inkişafa dair fəaliyyət planı hazırlanır.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib. Onun sözlərinə görə, bu məqsədlə universitetdə işçi qrup yaradılıb: “Işçi qrup universitetin rəqəmsal tranformasiyası ilə bağlı fəaliyyət planını hazırlamağa başlayıb. Ölkənin rəqəmsal inkişafını sürətləndirməklə bağlı Prezident İlham Əliyev strateji fəaliyyət planını təsdiq etdi, ölkənin Rəqəmsal İnkişaf Şurası yaradıldı, rəqəmsal dövlət xidmətlərinin, o cümlədən sənədlərin “Bir pəncərə” prinsipi əsasında “mygov”  və “mygov biznes” platformaları vasitəsilə təqdim edilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. ADPU həmin sənədlərdən irəli gələn məsələlərlə bağlı öz üzərinə düşən vəzifələri müəyyənləşdirərək öz fəaliyyət planına daxil edib. Cari ilin aprelin 3-də müzakirə olunan fəaliyyət planının bu ayın sonunda universitet Elmi Şurasında qəbul edilməsi planlaşdırılır”.

Rektor əlavə edib ki, sözügedən sənədə əsasən, 2030-cu ilədək universitetin rəqəmsal transformasiyasını tamamlamaq nəzərdə tutulur: “Universitetin rəqəmsal arxitekturasını formalaşdırmaq 2030-cu ilədək reallaşdırılması nəzərdən tutulan məqsədlərdən biridir. İndiyədək tədris prosesinin təxminən 40 faizi elektronlaşdırılıb. 2030-cu ilədək prosesin 80 faizədək çatdırılması planlaşdırılıb. 

2030-cu ilədək olan dövrü əhatə edən fəaliyyət planına görə, ADPU-nun rəqəmsal inkişafı sürətlənəcək: “Artıq 2 ildir universitetdə LMS (Learning management system) tədris elektron idarəetmə sistemi tətbiq edilir. Bu sistemdə  tədrisə aid bütün  məlumatlar əksini tapıb. Tələbənin və müəllimlərin tədrislə bağlı həyat hadisələri (qeydiyyat, e-müqavilə, fənn seçimi, müəllim və tələbələrin e-jurnal qeydləri, aralıq qiymətləndirmə, kollekvium, qaiblər, tələbənin final imtahanına neçə balla girməsi, davamiyyət göstəriciləri, akademik göstəriciləri və s. ) barədə məlumatları öz şəxsi kabinetində görür. Artıq bu yeniliyin mobil applikasiyası da olacaq.

Tələbə ancaq kompüterdən yox, mobil tətbiq vastəsi ilə öz telefonunda da öz korporativ e-maili vasitəsilə sistemə daxil olub  elektron tədris prosesini nəzarədə saxlaya və idarə edə biləcək. Ümumiyyətlə, müəllin və tələbələr onlara lazım olan məlumatlara mobil tətbiq vasitəsilə daha da yaxınlaşacaqlar. Biz Pedaqoji Universitetdə kibertəhlükəsizlik məsələlərini ciddi müzakirə edirik. Bir sözlə, fəaliyyyət planına görə, tələbə və müəllimlərə göstərilən rəqəmsal xidmətləri genişləndirmək, elektron sənəd dövriyyə sistemi tətbiq etmək planlaşdırılıb. ADPU-nun rəqəmsal dünyanın bir parçasına çevrilməsini planlaşdırırıq”.