Rektor: ADNSU-nu təkcə Azərbaycan deyil, dünya elminə töhfə vermiş alimlər bitirib
"ADNSU ölkəmizin ən qədim universitetlərindən biridir. Təqribən 106 illik müddətdə universitet ölkəmizin neft-qaz, kimya sahələrinə xidmət edib. Bu müddət ərzində universiteti təkcə Azərbaycan deyil, dünya elminə töhfə vermiş alimlər bitirib”.
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Məzun günü” tədbirində rektor Rüfət Əzizov deyib.
O, Ümumilli Lider Heydər Əliyevin də universitetdə təhsil aldığını, bundan qürurlandıqlarını da söyləyib.
R.Əzizov qeyd edib ki, keçən həftə açıqlanan QS reytinqinə Azərbaycandan 10 universitet daxil olub:
"Bu reytinqə görə universitetlərimiz ən sürətlə inkişaf edən ali təhsil müəssisələridir. Bu, ölkə başçımızın təhsilə göstərdiyi qayğı ilə birbaşa bağlıdır. 4 il əvvəl ADNSU bu reytinqdə yox idi, ancaq idi 40 min universitet arasında 711-720-ci yerlər arasındadır. Mükəmməllik əldə etmək üçün əvvəlcə elmdə mükəmməllik əldə edilməlidir".
R.Əzizov tədbirdə məzunları da təbrik edərək onlara uğurlar arzulayıb: “Məzunlarımıza gələcək işlərində uğurlar arzu edirəm. Ancaq sizlər uğuru tək əldə etmədiniz. İllər ərzində valideynləriniz, müəllimləriniz uğuru sizinlə birgə yaşadılar”.




