Rektor: Akkreditasiya mexanizmləri ali təhsildə şəffaflığı kifayət qədər artırıb
“Cəmiyyətin dinamik inkişafı, əmək bazarının yeni tələbləri və texnologiyaların sürətli transformasiyası ali təhsil müəssisələrindən daha çevik, daha dayanıqlı, daha innovativ yanaşmalar tələb edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün “Ali təhsildə keyfiyyət üzrə beynəlxalq konfrans”ın və “Beynəlxalq müəllim hazırlığı konfransının” açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib.
O qeyd edib ki, bu gün açılışı olan konfrans məhz bu istiqamətdə aparılan işlərin müzakirəsi, qlobal təcrübə mübdailəsi baxımından olduqca əhəmiyyətli platformadır:
“Ölkəmizdə son illər ali təhsildə keyfiyyət təminatını gücləndirmək üçün sistemli islahatlar həyata keçirir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaradılması və beynəlxalq tələblərə uyğun akkreditasiya mexanizmlərinin tətbiqi ali təhsil sistemində şəffaflığı və məsuliyyəti kifayət qədər artırıb”.
O əlavə edib ki, rəqəmsal idarəetmə, təhsil və təlim resurslarının modernləşdirilməsi ali təhsilin əlçatanlığını və effektivliyini yüksəldib.
Müəllim hazırlığı, kadr inkişafı, kurikulum yenilənməsi və universitetlərin beynəlxalq reytinq sistemlərinə inteqrasiyası üzrə genişmiqyaslı proqramlar artıq öz nəticələrini göstərməkdədir:
“Bu islahatlar ölkəmizin ali təhsil sahəsində qlobal mühitə çevik inteqrasiyasını təmin edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq biz də bu prosesdə fəal iştirak edirik.
Universitetimizdə keyfiyyət təminatı sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulur, daxili monitorinq, proqram qiymətləndirmə və tələbə məmnuniyyəti indikatorları təkmilləşdirilir.
Tədrisdə rəqəmsallaşma, açıq təhsil resurslarının yaradılması, elektron idarəetmə və ölçmə-qiymətləndirmə sistemlərinin tətbiqi genişləndirilib. Müəllim hazırlığı sahəsində yeni konseptual yanaşma formalaşdırılıb. Praktik yönümlü dərslər, məktəblərlə geniş əməkdaşlıq və tədrisdə kompetensiyaya əsaslanan model gücləndirilir. Xarici universitetlərlə ikili diplom, mübadilə və birgə tədqiqat proqramları genişlənir, ADPU-nun beynəlxalq elmi inteqrasiyası ildən-ilə artır.
Bu addımlar universitetimizin qarşıya qoyduğu əsas məqsədə – müəllim hazırlığında yüksək keyfiyyət standartları formalaşdırmağa xidmət edir”.


