Rektor: Təhsildə keyfiyyət və dayanıqlılıq ali məktəblərin əsas hədəflərindən biridir
“Təhsildə keyfiyyətin təmin olunması və dayanıqlı inkişafın formalaşdırılması ali təhsil müəssisələrinin əsas məqsədlərindən biridir”.
Bu fikirləri “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Rektor qeyd edib ki, forum çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrindən keyfiyyət təminatı sahəsində çalışan rəhbər heyətin iştirakı mövzunun aktuallığını bir daha göstərir. Onun sözlərinə görə, son illər ali təhsildə keyfiyyət təminatı sisteminin qurulması istiqamətində aparılan islahatlar müzakirə olunan məsələlərlə birbaşa uzlaşır.
Rüfət Əzizov vurğulayıb ki, panel müzakirələrində universitetlərin strateji inkişaf planlarının hazırlanması, keyfiyyət təminatı sisteminin institusional səviyyədə qurulması, müəllim potensialının və tədris məzmununun inkişafı kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
O əlavə edib ki, elmi fəaliyyətdə keyfiyyətin ölçülməsi, resursların səmərəli idarə olunması, nəticələrin qiymətləndirilməsi mexanizmləri, eləcə də universitet–sənaye əməkdaşlığının effektiv modelləri müzakirələrin əsas istiqamətlərini təşkil edib. Rektorun sözlərinə görə, bu yanaşmalar ali təhsildə keyfiyyət mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir.



