Repetitorluğu genişləndirən başqa bir səbəb…
“Yeni təmayül tədris modeli cəmiyyətin uzun illər müzakirə etdiyi və həllini gözlədiyi mühüm problemlərdən birinə cavab olaraq hazırlanıb”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, adıçəkilən modelin tətbiqi və mərhələli şəkildə genişləndirilməsi məhz cəmiyyətin tələbi əsasında formalaşıb: “Məlumdur ki, tam orta təhsil səviyyəsində oxuyan şagirdlərin əksəriyyəti akademik istiqaməti seçərək ali və ya orta ixtisas təhsilini davam etdirməyi qarşısına məqsəd qoyur. Bu səbəbdən də onlar yuxarı siniflərdə əsas diqqəti qəbul imtahanlarına hazırlığa yönəldirlər”.
Agentlik rəsmisinin sözlərinə görə, idealda məktəb birinci sinifdən başlayaraq hər bir fənn üzrə şagirdlərə bilik və bacarıqları addım-addım, normal porsiyalarla ötürməlidir. Belə olan halda XI sinfi bitirən məzun əvvəlki illərin materialını mütəmadi təkrarlamaqla həm buraxılış, həm də qəbul imtahanına hazır olur. Lakin mövcud reallıq bunu tam təmin edə bilmir. Bunun səbəblərindən biri odur ki, məktəb illəri ərzində şagirdlərdə müxtəlif fənlər üzrə bilik boşluqları yaranır. İbtidai siniflərdə valideyn nəzarəti daha güclü olsa da, orta siniflərdə həm şagirdlərin dərsə münasibətində, həm də nəzarətdə müəyyən zəifləmələr müşahidə olunur. Nəticədə şagirdlər yalnız X–XI siniflərdə qəbul imtahanlarının yaxınlaşdığını görərək daha ciddi öyrənməyə çalışırlar. Lakin fənn zəncirinin əvvəlki illərdə itirilmiş həlqələri növbəti hissələri anlamağa mane olur. Şagird məyus olur və hazırlıq kursuna və ya fərdi repetitora müraciət edir:
“Ümumi təhsil pilləsində şagirdlər ümumilikdə 17 fənn öyrənirlər. Məktəb proqramı elə qurulub ki, hər bir fənnin əsasları aşağı siniflərdə formalaşır və fənlər bir neçə il tədris edilir. Məsələn, riyaziyyatın təməli birinci, coğrafiyanın təməli isə altıncı sinifdə qoyulur. Ali məktəblərə qəbul proqramları fənlərin tam məzmununu əhatə edir. Əgər şagird əvvəlki illərdə həmin bilikləri lazımi səviyyədə mənimsəməyibsə, X və XI siniflərdə bu boşluqları qısa müddətdə müstəqil öyrənməklə aradan qaldırmaq olduqca çətinləşir.
Repetitorluğun genişlənməsinə gətirən başqa bir səbəb isə bir sıra müəllimlərin metodiki bilik və bacarığının aşağı səviyyəsi ilə əlaqəlidir. Bu səbəblərdən uzun illər ərzində X–XI sinif şagirdlərinin əhəmiyyətli hissəsi repetitorlara və ya hazırlıq kurslarına üz tutmağa məcbur qalırdı”,-deyə Vəfa Yaqublu qeyd edib.




