Rəqəmsal savadlılıq və kibertəhlükəsizlik kurikulumlara necə daxil edilir? – AÇIQLAMA

31 Mart, 2026 - 13:40
Rəqəmsal savadlılıq və kibertəhlükəsizlik kurikulumlara necə daxil edilir?

Məlum olduğu kimi, fevralın 27-də Azərbaycan Respublikası Prezidenti “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəddə nəzərdə tutulan məsələlərdən biri də təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsi ilə bağlıdır. Sərəncama görə, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına, o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi üçün tədbirlər görüləcək.

Bəs qeyd edilən mövzular adıçəkilən təhsil proqramlarına hansı formada daxil ediləcək? Bu mövzular ayrıca fənn kimi tədris olunacaq, yoxsa mövcud fənlərin məzmununa inteqrasiya ediləcək?

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutundan bildirilib ki, müasir dövrün əsas çağırışlarından olan rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları artıq informatika və həyat bilgisi fənlərinin kurikulumlarına əlavə olunub.

Qurumdan qeyd edilib ki, 2025-ci ildə təkmilləşdirilərək təsdiq olunan informatika fənn kurikulumunda, xüsusən “informasiya cəmiyyəti” məzmun xətti üzrə I–XI siniflərdə, eləcə də 2024-cü ildə təsdiq olunmuş həyat bilgisi fənn kurikulumunda “sağlamlıq və təhlükəsizlik” məzmun xətti üzrə bu istiqamətlər nəzərə alınıb. Həmçinin hazırda təkmilləşdirilməkdə olan çağırışaqədərki hazırlıq fənn kurikulumunda da müvafiq standartlar üzrə bu mövzuların tədrisi fənlərin xarakterinə uyğun, inteqrativ və mərhələli şəkildə qurulub.

ARTİ-dən vurğulanıb ki, bu məsələ kurikulumların gələcək təkmilləşdirilməsi prosesində də xüsusi diqqətdə saxlanılacaq:
“Bu mövzuların fərqli fənlərin məzmununda yer alması şagirdlərin hədəflənən bacarıqlara daha effektiv yollarla yiyələnməsini təmin edəcək”.

Diqqətçəkən digər mühüm məqam isə bu mövzuların tədrisi üçün müəllim hazırlığı məsələsidir. Bununla bağlı ARTİ-dən bildirilib ki, kibertəhlükəsizlik mövzusunda müəllimlər üçün təlim proqramı ötən ildən hazırlanıb. Hazırda metodik xidmət çərçivəsində həmin proqram üzrə müəllimlər arasında maarifləndirmə işləri aparılır.