Rəqəmsal transformasiya mühitində heç bir uşaq diqqətdən  kənarda qalmamalıdır - Bahar Muradova

23 Dekabr, 2025 - 11:12
Rəqəmsal transformasiya mühitində heç bir uşaq diqqətdən  kənarda qalmamalıdır

“Rəqəmsal mühit nəzarətsiz və məsuliyyətsiz olduqda uşaqlar üçün ciddi risklər yarana bilər”. 

“Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, uşaqların rəqəmsal mühitdə müdafiəsi qlobal gündəliyin əsas məsələsinə çevrilib və bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir:

“Azərbaycanda 2018-ci ildə qəbul olunmuş uşaqların zərərli informasiyalardan müdafiəsi haqqında qanunun icrası çərçivəsində dövlət qurumları arasında effektiv koordinasiya formalaşdırılıb. Oxşar qanunvericilik təşəbbüslərinin digər ölkələrdə də irəli sürülməsi hüquqi tənzimləmə baxımından ortaq məqamların, bu sahədə əməkdaşlıq imkanlarının mövcud olduğunu göstərir”.

Bahar Muradova qeyd edib ki, bir çox ölkələrin təcrübəsinə əsasən valideynlərin rəqəmsal təhlükəsizliyin artırılması, ailədə təhlükəsiz mühitin qurulması bu sahədə uşaqların müdafiəsinə öz müsbət təsirini göstərir: “Araşdırmalara görə, uşaqların 72 faizi internetdən gündəlik istifadə edirlər. Onların zərərli informasiyalarla qarşılaşması riski yüksəkdir. Ona görə uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Rəqəmsal transformasiya mühitində heç bir uşaq müdafiədən və diqqətdən  kənarda qalmamalıdır”.