“Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda konfrans keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və UNEC Zaqatala filialının 10 illiyinə həsr olunan konfrans 3–4 iyul 2026-cı il tarixlərində Zaqatala rayon Heydər Əliyev Mərkəzində təşkil edilib.
Konfransda ölkənin ali təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri, yerli və xarici ekspertlər iştirak ediblər.
UNEC Zaqatala filialının inkişaf tarixinə həsr edilən videoçarx nümayiş etdirilib, daha sonra rəsmi çıxışlar dinlənilib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, UNEC Zaqatala filialının direktoru Raqif Qasımov, millət vəkilləri, universitet rəhbərləri və digər rəsmi qonaqlar çıxış ediblər.
Çıxışlarda regional universitetlərin müasir dövrdə yeni missiyası, rəqəmsallaşmanın ali təhsil üçün yaratdığı imkanlar, regionlarda insan kapitalının gücləndirilməsi, universitetlərin əmək bazarı və yerli inkişaf prosesləri ilə inteqrasiyası, həmçinin universitet–dövlət–biznes əməkdaşlığının əhəmiyyəti diqqətə çatdırılıb.
UNEC rektoru professor Ədalət Muradov çıxışında regional universitet anlayışına müasir dövrün tələbləri baxımından yanaşmağın vacibliyini vurğulayıb. O bildirib ki, regional universitetlərin nüfuzu yalnız elmi məqalələrin sayı ilə deyil, yerləşdikləri bölgədə insanların həyatına, yerli iqtisadiyyata və insan kapitalının inkişafına göstərdikləri real təsirlə ölçülməlidir. Rektor qeyd edib ki, rəqəmsallaşma regional universitetlərlə paytaxt universitetləri arasında imkan fərqinin azaldılmasında mühüm vasitədir. Onun sözlərinə görə, regional universitet üçün kampus yalnız auditoriya və binalardan ibarət deyil, bütövlükdə regionun özüdür.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında universitetlərin müasir çağırışlara uyğun məzun hazırlığının vacibliyinə toxunub. O qeyd edib ki, regional universitetlər yerləşdikləri bölgələrin sosial-iqtisadi inkişafında daha fəal rol oynamalı, regionların ehtiyaclarına uyğun mütəxəssislər hazırlamalı və müasir çağırışlara çevik cavab verən ali təhsil modeli formalaşdırmalıdırlar. Nazir müavini vurğulayıb ki, rəqəmsal bacarıqlar artıq bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün zəruri kompetensiyaya çevrilib. Onun fikrincə, müasir məzunlarda tənqidi təfəkkür, yaradıcı düşüncə, rəqəmsal savadlılıq və dəyişən əmək bazarına uyğunlaşmaq bacarığı formalaşdırılmalıdır.
UNEC Zaqatala filialının direktoru ğRaqif Qasımov filialın 10 illik inkişaf yolundan danışaraq bildirib ki, regional universitetlərin gələcəyi onların regionla nə qədər inteqrasiya olunmasından asılıdır. O qeyd edib ki, universitet yerləşdiyi bölgənin ehtiyaclarını bilməli, həmin ehtiyaclara elmi və praktik həllər təqdim etməli, gəncləri yalnız bugünün deyil, gələcəyin çağırışlarına hazırlamalıdır.
Konfrans çərçivəsində “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada UNEC Zaqatala filialının direktoru Raqif Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC rektoru Ədalət Muradov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Əliyev və Sakarya Universitetinin professoru Fərrux Tuzcuoğlu iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov dəyirmi masada “Regional universitetlərə tələbə cəlbi” mövzusunda çıxış edib. Rektor bildirib ki, regional universitetlər üçün tələbə cəlbi yalnız qəbul kampaniyası deyil, regionun insan kapitalının formalaşdırılması və gələcək inkişaf potensialının gücləndirilməsi prosesidir.
Anar Eminov qeyd edib ki, müasir dövrdə gənclər universitet seçərkən yalnız diplom əldə etmək imkanına deyil, həm də təhsilin keyfiyyətinə, rəqəmsal tədris mühitinə, beynəlxalq imkanlara, əmək bazarı ilə əlaqələrə və gələcək karyera perspektivlərinə diqqət yetirirlər. Bu baxımdan regional universitetlər regionun gənclərini, əmək bazarını, sənaye potensialını, sosial ehtiyaclarını və inkişaf hədəflərini bir araya gətirən platformaya çevrilməlidir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında regional universitetlərin yerli hökumət və biznes strukturları ilə əməkdaşlığının əhəmiyyətindən danışıb. O bildirib ki, universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də regionun inkişaf gündəliyinin fəal iştirakçısı kimi çıxış etməlidir.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə regional universitetlərin dayanıqlı inkişafı üçün güclü akademik kadr potensialının formalaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, universitetlərin inkişafını təmin edən əsas qüvvə insan kapitalıdır və müasir regional universitet modeli keyfiyyətli professor-müəllim heyəti, tədqiqat mühiti, rəqəmsal bacarıqlar və əmək bazarı ilə əlaqələr üzərində qurulmalıdır.
Konfrans zamanı regional universitetlərin inkişaf perspektivləri, rəqəmsal transformasiya, süni intellekt, yaşıl iqtisadiyyat, aqrobiznes, turizm, mədəni irs, beynəlxalq əməkdaşlıq və gələcəyin bacarıqları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans regional ali təhsil müəssisələrinin müasir çağırışlar fonunda inkişaf istiqamətlərinin müzakirəsi, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafında ali təhsilin rolunun gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.
Konfrans öz işini panel müzakirələrlə davam etdirib.




