Rəsm fənni üzrə apellyasiya üçün qeydiyyat vaxtı açıqlandı

27 İyul, 2026 - 09:56
Rəsm fənni üzrə apellyasiya üçün qeydiyyat vaxtı açıqlandı

Bakalavriat səviyyəsinə aid 13-cü (Təsviri incəsənət müəllimliyi) komissiyanın rəsm fənni üzrə imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər (subbakalavrlar) 27 iyul saat 10:00-dan 28 iyul saat 17:00-dək, ümumi (9 illik) orta təhsil bazasında 211-ci (Təsviri sənət) komissiyasının rəsm fənni üzrə imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər isə 29 iyul saat 10:00-dan 30 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytına daxil olaraq elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.

Bildirilib ki, göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan qeyd olunan komissiya üzrə apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Qeyd yerində yalnız qeydiyyatı aparılan apellyasiya komissiyası və fənni ilə  bağlı müraciətin məzmunu yazılmalıdır.