“SABAH.city”də 3 universitetin tələbələri tədrisə və praktik fəaliyyətə cəlb ediləcək
“SABAH.city” innovasiya şəhərciyində Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına yeni açılışı olan “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verərkən deyib.
Qeyd edilib ki, “SABAH.city” innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.




