“Sabahın alimləri”ndə rəqabət kifayət qədər güclüdür - Fuad Qarayev
“İstiqamətlər üzrə müraciət edən və finala keçən layihələrin statistikasına baxdıqda görürük ki, əsasən ekologiya və ətraf mühitin idarə olunması, həmçinin mühəndislik istiqamətləri üzrə müraciətlər üstünlük təşkil edir. Bu da göstərir ki, şagirdlərimiz arasında rəqabət kifayət qədər güclüdür. Qalibləri müəyyən etmək üçün münsiflər heyətini ciddi seçim prosesi gözləyir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin rəsmi açılış mərasimində səsləndirib.
Fuad Qarayevin sözlərinə görə, finalda şagirdlərin layihələri hər bir istiqamət üzrə münsiflər tərəfindən qiymətləndiriləcək və sonda qaliblər müəyyən ediləcək: “Bu il müsabiqəyə ümumilikdə 760 layihə təqdim edilmişdir. Onlardan 152 layihə finalda iştirak hüququ qazanmışdır. Fərdi layihələrdən 25-i xüsusi kateqoriya üzrə, 122 layihə isə kollektiv layihə olaraq təqdim olunur.
IX sinif üzrə müraciət edən 404 şagirddən 85-i, X sinif üzrə 546 şagirddən 115-i, XI sinif üzrə isə 303 şagirddən 79-u uğur qazanıb. Qız və oğlan şagirdlər arasında da nisbətə baxsaq, orada da bərabərlik var”.
O, sonda şagirdlərə müraciət edərək bildirib ki, qalib olmaq qədər gözəl olan iz buraxmaq, layihələrlə bağlı müəyyən nəticə əldə etmək, ideyaları təqdim edərək yadda qalmaqdır.



