Şagirdlər tikinti meydanında: Memarlığın sirlərini öyrəndilər
“Şəhərsalma və memarlıq İli” çərçivəsində Babək rayon Araz kənd ümumi orta məktəbinin şagirdləri üçün Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinə, eləcə də Naxçıvan şəhərində müasir şəhər tipli çoxmənzilli yaşayış binalarının inşa olunduğu tikinti sahəsinə maarifləndirici ekskursiya təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, ekskursiya çərçivəsində şagirdlər memarlıq və mühəndislik ixtisasları barədə ətraflı məlumat əldə edib, layihələndirmə prosesi, tikinti texnologiyaları və müasir şəhərsalma prinsipləri ilə yaxından tanış olublar. Universitetdə gələcəyin memar və mühəndislərinin hazırlıq prosesi ilə bağlı təqdimatlar keçirilib, bu sahələrin cəmiyyətin inkişafındakı rolu diqqətə çatdırılıb.
Şagirdlər tikinti sahəsində aparılan işlərlə yerində tanış olaraq müasir yaşayış komplekslərinin inşa mərhələlərini müşahidə edib, şəhər mühitinin formalaşdırılmasında memar və mühəndislərin fəaliyyətinin əhəmiyyəti barədə praktiki biliklər qazanıblar.
Qeyd edək ki, bu kimi tədbirlər məktəblilərin nəzəri biliklərini praktiki müşahidələrlə zənginləşdirməklə yanaşı, onlarda yaradıcı düşüncə, mühəndislik yanaşması və şəhərsalma mədəniyyəti barədə təsəvvürlərin formalaşmasına xidmət edir.



