“Şagirdlərimizin beynəlxalq elmi yarışlarda nailiyyətləri artır” – Nazir müavini

17 İyun, 2025 - 11:58
“Şagirdlərimizin beynəlxalq elmi yarışlarda nailiyyətləri artır” – Nazir müavini
“Şagirdlərimizin beynəlxalq elmi yarışlarda nailiyyətləri artır” – Nazir müavini

“Azərbaycan şagirdləri beynəlxalq olimpiadalarda uğurlarını artırırlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi zamanı çıxış edərkən deyib.

O bildirib ki, son 10 il ərzində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 35 qızıl, 147 gümüş və 336 bürünc medal olmaqla ümumilikdə 518 medal qazanıblar.

"Bu, olduqca böyük və qürurverici nəticədir. Maraqlıdır ki, əvvəlki 10 ildə də məhz bu qədər medal əldə olunmuşdu. Lakin 2025-ci ilin hələ ortasında olmağımıza baxmayaraq, artıq 30 medal qazanılıb. Bu medallardan 4-ü qızıl, 7-si gümüş, 19-u isə bürünc olub".

Nazir müavini vurğulayıb ki, ilin sonunadək bu sayın 50-yə çatacağı gözlənilir. Bu isə ölkə tarixində yeni bir rekord ola bilər:

"Məktəblilərimiz bu il Avstraliya, Cənubi Amerika, Avropa, Asiya, o cümlədən Boliviya kimi dünyanın müxtəlif ölkələrində keçiriləcək beynəlxalq fənn olimpiadalarında iştirak edəcəklər. Mötəbər beynəlxalq yarışlarda şagirdlərimizi təmsil edən komandalar artıq formalaşdırılıb və bu istiqamətdə işlər davam etdirilir".