Şagirdlərin fənnə marağı birbaşa müəllimin yanaşmasından asılıdır – Mövqe

24 Dekabr, 2025 - 14:02
Şagirdlərin fənnə marağı birbaşa müəllimin yanaşmasından asılıdır – Mövqe

Müasir təhsil sistemində müəllimin rolu yalnız bilik ötürməkdən ibarət deyildir. Şagirdlərdə fənnə maraq yaratmaq, onları düşünməyə və araşdırmağa təşviq etmək təhsilverənlərin əsas vəzifələrindən biri hesab olunur.

Bu sözləri “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində uzunillik pedaqoji təcrübəyə malik coğrafiya müəllimi Afərin Şirinov deyib. Afərin müəllimin təhsil yolu, peşəkar uğurları və tədris yanaşmalarını oxucularımıza təqdim edirik.

Afərin Şirinov 9 yanvar 1980-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. 1997-ci ildə Biləsuvar rayon Ş.Heydərov adına Nərimankənd kənd orta məktəbini bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin Təbiət fakültəsinin coğrafiya ixtisasına qəbul olub. 2001-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək hərbi xidmətə yollanıb. Hərbi xidmətdən sonra, 2002–2014-cü illərdə doğulduğu kənddə müəllimlik fəaliyyəti göstərib. 2018-ci ildə Gəncə Dövlət Universitetində magistratura pilləsini də fərqlənmə diplomu ilə başa vurub. 2014-cü ildən etibarən Biləsuvar rayon Milli Qəhrəman Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində həm milli, həm də beynəlxalq şöbələrdə coğrafiya fənnini tədris edir. 22 illik pedaqoji staja malikdir. 2021–2022-ci tədris ilində Biləsuvar rayon Ş.Heydərov adına Nərimankənd kənd tam orta məktəbində direktor vəzifəsində çalışıb.

Afərin müəllim deyir ki, fəaliyyəti ərzində bir çox yerli və beynəlxalq təlimlərdə iştirak edib, müxtəlif sertifikatlara layiq görülüb:

"Bunlara Web 2.0 – Web 3.0 tools and education process, İKT-nin təhsilə tətbiqi üzrə Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi, Təhsildə 4K bacarıqları, Academic IELTS,  Band Score 6.5, ASF (ARSP – Action Reconciliation Service for Peace) və 2016-cı ildə Belçikada proqramda iştirak edərək, sertifikat əldə etmişəm. Həmçinin 2018 və 2020-ci illərdə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında 60 baldan 58 bal toplamışam. Şagirdim Almaz Zeynallı Respublika fənn olimpiadasında qalib gələrək gümüş medal əldə edib".

Müsahibim şagirdlərin fənninizə marağı necədir və bu marağı necə yaradırsınız? sualına belə cavab verir: "Şagirdlərin fənnə marağı birbaşa müəllimin yanaşmasından asılıdır. Müəllim əvvəlcə şagirdə özünü sevdirməyi bacarmalıdır. Bu zaman fənnə maraq da avtomatik olaraq formalaşır. Əlbəttə, fənnin öz xüsusiyyətləri də bu marağın yaranmasında mühüm rol oynayır. Mən çalışıram ki, şagirdlərlə səmimi ünsiyyət qurum və coğrafiyanı həyatla əlaqələndirim".

Afərin müəllim dərs zamanı hansı fərqli üsul və vasitələrdən istifadə etdiyini də həvəslə dilə gətirir: "Dərslərin daha maraqlı və səmərəli keçməsi üçün müasir texnologiyalardan, əyani vəsaitlərdən və interaktiv üsullardan geniş istifadə edirəm. Qrup işləri, layihə tapşırıqları, iş vərəqləri, şagirdlərin bir-birinə sual verməsi kimi metodlar dərsdə aktivliyi artırır. Məqsədim bütün şagirdləri dərs prosesinə cəlb etmək və onlarda öyrənməyə maraq yaratmaqdır".

Afərin müəllim yekunda qeyd edir ki, çoxillik pedaqoji fəaliyyəti ərzində əsas məqsədi bilikli, düşünən və dünyagörüşlü şagirdlər yetişdirmək olub. Müasir təlim metodlarından istifadə edərək coğrafiya fənnini şagirdlər üçün sevilən və maraqlı etmək daim diqqət mərkəzindədir. Hesab edir ki, müəllimin uğuru onun yetişdirdiyi şagirdlərin nailiyyətlərində öz əksini tapır.

Afərin Şirinovun pedaqoji fəaliyyəti onun peşəkarlığını və təhsilə məsuliyyətli yanaşmasını aydın şəkildə nümayiş etdirir. Müasir tədris metodlarından istifadə, şagird nailiyyətlərinə verilən önəm və əldə olunan nəticələr müəllimin fəaliyyətinin əsas göstəricilərindəndir.

Şagirdlərin fənnə marağı birbaşa müəllimin yanaşmasından asılıdır – Mövqe
Şagirdlərin fənnə marağı birbaşa müəllimin yanaşmasından asılıdır – Mövqe
Şagirdlərin fənnə marağı birbaşa müəllimin yanaşmasından asılıdır – Mövqe
Şagirdlərin fənnə marağı birbaşa müəllimin yanaşmasından asılıdır – Mövqe