Sağlamlıq imkanları məhdud 929 nəfər imtahanlarda iştirak edib – DİM
2016-cı ildə sağlamlıq imkanları məhdud və ya inklüziv təhsil alan 132 iştirakçı üçün xüsusi imtahan şəraiti yaradılmışdırsa, 2026-cı ildə bu rəqəm 929 nəfərə çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında məlumat verib.
Bildirib ki, təkcə 2026-cı ildə 505 nəfər DİM-ə öncədən müraciət edərək ehtiyacına uyğun xüsusi imtahan şəraitinin yaradılmasını xahiş edib: "Bundan əlavə, ixtisaslaşmış xüsusi internat məktəblərinin buraxılış siniflərində təhsil alan 274 şagird üçün imtahan onların təhsil aldıqları müəssisələrdə, zəruri şərait yaradılmaqla təşkil edilib.
Bu iştirakçıların ehtiyacları da eyni deyil. 2026-cı ildə müraciət edənlər arasında görmə və eşitmə məhdudiyyəti olan şəxslər, serebral iflic, autizm və epilepsiya spektrində olan iştirakçılar, əlil arabasından istifadə edənlər, yuxarı və aşağı ətraflarında məhdudiyyət olanlar, şəkərli diabet və digər xəstəliklərlə yaşayan şəxslər olub. Ona görə də yaradılan şərait də fərdi ehtiyaca uyğun müəyyənləşdirilir.
Görmə məhdudiyyəti olan iştirakçı üçün xüsusi təlim keçmiş nəzarətçi ayrılır, I qrup gözdən əlil şəxslərə əlavə vaxt verilir və vizual tapşırıqlar onların imkanlarına uyğunlaşdırılır. Eşitmə pozuntusu olan iştirakçı üçün zərurət olduqda surdoköməkçi ayrılır və xarici dil üzrə dinləmə mətnləri yazılı tapşırıqlarla əvəz olunur. Hərəkət məhdudiyyəti olan şəxslər üçün uyğun bina, mərtəbə və xüsusi stol-stul seçilir. Zəruri hallarda eşitmə cihazı, lupa, şəkər pompası və digər tibbi vasitələrdən istifadəyə də şərait yaradılır.
İmtahanın nəticəsi hər kəs üçün eyni meyarlarla müəyyənləşir. Biz isə həmin nəticəyə gedən yolda heç kimin qarşısında maneə qalmamasına çalışırıq", – deyə paylaşımda qeyd olunub.




