Şahin Bayramov: Azərbaycanda müasir, peşəkar, məsuliyyətli və rəqabətqabiliyyətli media mühiti formalaşıb

22 İyul, 2026 - 13:57
Şahin Bayramov: Azərbaycanda müasir, peşəkar, məsuliyyətli və rəqabətqabiliyyətli media mühiti formalaşıb

Bu gün Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin təsis edilməsi ilə ölkəmizdə milli mətbuatın əsasının qoyulmasından 151 il ötür. Böyük inkişaf yolu keçən Azərbaycan milli mətbuatı hər zaman xalqımızın maariflənməsinə, milli özünüdərkin formalaşmasına, ictimai fikrin inkişafına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və cəmiyyətin obyektiv məlumatlandırılmasına mühüm töhfələr verib. Tarixin müxtəlif mərhələlərində milli maraqlarımızın müdafiəsində xüsusi rol oynayan Azərbaycan mediası bu gün də ölkəmizin inkişafına xidmət edən əsas ictimai institutlardan biri kimi fəaliyyət göstərir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb.

Məqalədə qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi media siyasəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycanda müasir, peşəkar, məsuliyyətli və rəqabətqabiliyyətli media mühiti formalaşıb. Söz və mətbuat azadlığının hüquqi əsaslarının möhkəmləndirilməsi, medianın inkişafına göstərilən dövlət dəstəyi və rəqəmsal transformasiya istiqamətində atılan addımlar bu sahənin davamlı inkişafını təmin edib. Bu gün Azərbaycan mediası etibarlı informasiya mənbəyi, ictimai etimadın daşıyıcısı və milli maraqların qorunmasında dövlətin mühüm tərəfdaşlarından biri kimi çıxış edir.

Son illərdə Azərbaycanın beynəlxalq media gündəminə verdiyi mühüm töhfələrdən biri də Şuşa Qlobal Media Forumudur. Artıq dördüncü dəfə təşkil olunan forum qlobal nüfuzlu platformaya çevrilib. Dünyanın aparıcı media qurumlarının rəhbərlərini, tanınmış jurnalistləri, kommunikasiya mütəxəssislərini və informasiya texnologiyaları sahəsində ekspertləri bir araya gətirən bu beynəlxalq platforma informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, dezinformasiyaya qarşı mübarizə və müasir media çağırışlarının müzakirəsi üçün mühüm imkan yaradır. Forumun nüfuzunun ildən-ilə artması Azərbaycanın qlobal informasiya məkanında güclənən mövqeyinin, beynəlxalq media gündəliyinin müəyyənləşdirilməsində fəallaşan rolunun və milli media siyasətinin uğurlarının beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.

Xüsusilə, 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı Azərbaycan mediası yüksək peşəkarlıq nümayiş etdirərək informasiya cəbhəsində tarixi missiyasını uğurla yerinə yetirdi. Jurnalistlərimiz Azərbaycanın ədalətli mövqeyinin və həqiqətlərinin beynəlxalq auditoriyaya təqdim olunması istiqamətində mühüm xidmətlər göstərdilər. Bu gün də media işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini, “Böyük Qayıdış” prosesini və Qarabağda formalaşan yeni həyatın reallıqlarını obyektiv və operativ şəkildə geniş ictimaiyyətə çatdırmaq missiyasını uğurla davam etdirir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də Qarabağ Universitetinin yaradılmasıdır. Hazırda dövlətimizin hərtərəfli dəstəyi sayəsində Qarabağ Universiteti keyfiyyətli təhsili, nəticəyönümlü tədqiqatları, innovativ həlləri və digər ictimai faydalı fəaliyyətləri ilə Qarabağın sosial, mədəni və intellektual dirçəlişinin əsas dayaqlarından birinə çevrilmək yolunda inamla irəliləyir. Qarabağ Universitetinin təşəkkülü və inkişaf yolunun, Xankəndidə formalaşan yeni akademik mühitin, həyata keçirilən layihələrin və əldə olunan uğurların operativ, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin fədakar əməyi təqdirəlayiqdir. İnanıram ki, qarşıdakı dövrdə də universitet-media əməkdaşlığı inkişaf edəcək, Qarabağın elm, təhsil və innovasiya mərkəzinə çevrilməsi naminə görülən işlərin ölkədə və dünyada tanıdılmasında media qurumları ilə birgə fəaliyyətlərimiz uğurla davam edəcək.