Şaiq Kazımov: Təhsil proqramları əmək bazarının tələbatına uyğun yenilənməlidir

16 Yanvar, 2025 - 21:28
Şaiq Kazımov: Təhsil proqramları əmək bazarının tələbatına uyğun yenilənməlidir
Şaiq Kazımov: Təhsil proqramları əmək bazarının tələbatına uyğun yenilənməlidir

Peşə, orta ixtisas və ali təhsil pillələrində təhsil proqramlarının əmək bazarının real tələbatına uyğun yenilənməsi zəruridir. 

Bunu “Azərbaycan müəllimi”nə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müşaviri Şaiq Kazımov deyib.

Onun sözlərinə görə, ixtisaslaşma və işə hazırlıq proqramları gənclərə müvafiq bilik və bacarıqlar qazandırmalıdır. Həmçinin əmək bazarının tələblərini formalaşdıran iqtisadiyyatın inkişaf istiqamətləri və ümumilikdə əmək bazarı və düzgün ixtisas seçiminin əhəmiyyəti haqqında valideynlərə məlumat verilməlidir ki, onlar da öz növbəsində ixtisas seçimin astanasında olan yeniyetmələri düzgün istiqamətləndirsinlər.

Ş.Kazımov əlavə edib ki, gənclər əmək bazarına daxil olur, lakin onların peşə və praktiki bilikləri ilə əmək bazarının tələbləri arasında uyğunluq tam təmin edilməyib. Bu, təhsil və karyera hazırlıq proqramlarının yenidən nəzərdən keçirilməsini tələb edir: "Azərbaycanda əmək bazarında dəyişikliklər və inkişaf meyilləri, bütün dünyada olduğu kimi, rəqəmsallaşma və texnologiya ilə sıx bağlıdır. Rəqəmsal texnologiyaların sürətli inkişafı yeni bacarıqlar tələb edir”.