Sakit Məmmədov: Rəsm dərslərinin formatı dəyişməlidir

10 İyun, 2025 - 16:55
Sakit Məmmədov: Rəsm dərslərinin formatı dəyişməlidir
Sakit Məmmədov: Rəsm dərslərinin formatı dəyişməlidir

“Bizdə qəribə bir yanaşma var. Daim kiməsə baxmağa, oxşamağa çalışırıq. Bu isə bəzən bizi öz kimliyimizdən uzaqlaşdırır”. 

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Azərbaycanın Xalq rəssamı, professor, UNESCO Rəssamlar İttifaqının üzvü, nüfuzlu beynəlxalq incəsənət qurumlarının həqiqi və fəxri üzvü olan Sakit Məmmədov deyib. 

Onun sözlərinə görə, xaricdə belə deyil: “Mən Avstriyada olarkən bir məktəbdə master-klas keçdim. Sinfə girəndə gördüm ki, uşaqlar yerdə üzüüstə uzanıb şəkil çəkirlər. Tam sərbəstdirlər. Rəsm dərsində hər kəs fərqli fəaliyyətlə məşğuldur. Uşaqlar orada “nizam-intizam” adı altında boğulmur. Rəsm dərsi onlara maraq oyatmaq üçündür. Bizdə isə hamı sakit oturur, müəllim nə deyəcək, onu gözləyirlər”.

Sakit Məmmədov qeyd edib ki, rəssamlıq bu deyil. Rəsm dərslərinin formatı dəyişməlidir, dərslər açıq havada, təbiətin füsunkar mənzərəsini görməklə, bu gözəllikləri duymaqla, müşahidə etməklə keçilməlidir. Uşaqlara rəsm bacarıqları öyrədilməlidir. Müəllim daha yaradıcı olmalı, şagirdlərə rəsmi sevdirməlidir.