“Savadı olan hər kəs özünə güvənməlidir” - Sertifikasiyada ikinci gün 

3 May, 2026 - 18:46
“Savadı olan hər kəs özünə güvənməlidir” - Sertifikasiyada ikinci gün 

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarının ikinci günündə riyaziyyat, kimya və biologiya fənləri üzrə 600- dən çox təhsilverən iştirakı edir.

"Azərbaycan müəllimi" birinci senansda imtahan verib yüksək bal toplayan riyaziyyat müəllimləri ilə həmsöhbət olub.

60 bal toplayan Babək rayon Məmmədrza Dizə kənd orta məktəbinin riyaziyyat müəllimi Günel Hümmətova çox sevincli olduğunu deyir: "Sualların səviyyəsi çox yaxşı idi, çərçivə sənədinə uyğun idi. İmtahan çox rahat keçdi, kompüterlər sürətli işləyirdi. Təlimlərə qoşulmamışdım, amma evdə özüm hazırlaşırdım".

Sonrakı günlərdə imtahan verəcək müəllimlərə isə tövsiyə edir ki, həyəcanlanmasa, hər kəs bu nəticəni toplaya bilər.

Lətafət Abdullayeva da riyaziyyat fənni üzrə ən yüksək, yəni 60 bal toplayan müəllimlərdən biridir. 

O, 20 ildir ki, Bəbək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbində müəllim işləyir. Birinci dövriyyəyə imtahanında da 55 bal toplayıb. Deyir ki, hər səviyyədə- orta, asan və çətin suallar var idi: "Düşünürəm ki, suallar çox ədalətli hazırlanmışdı. İmtahan isə şəffaf keçdi, heç kim bir - birinə mane olmadı. Orta məktəbdə öz fənnini vicdanla tədris edən, sinifdə yaxşı dərs keçən müəllimlər mütləq şəkildə imtahandan keçəcəklər".

Ordubad rayon Dırnıs kənd orta məktəbinin riyaziyyat müəllimi Samir Nəbiyev maksimum 60 baldan 59-u toplayıb. 24 illik sıtajı olan müəllim deyir ki, imtahan normal keçdi: "Həmişə istifadə etdiyimiz tanış suallar idi. Bəlkə də mənə asan gəldi, çünki gündəlik istifadə etdiyimiz mövzulardan suallar düşmüşdü. Biliyi, savadı olan hər kəs özünə inanmalı, güvənməlidir. Hər kəsə uğurlar arzulayıram". 

Qeyd edək ki, test imtahanı Naxçıvan şəhər 4, 11 nömrəli tam orta məktəbdə və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan imtahan mərkəzlərində təşkil olunub. 

Xatırladaq ki, 10 mayda fizika, ibtidai sinif və coğrafiya müəllimləri, 11 mayda isə fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Foto: Şahin Məmmədov

“Savadı olan hər kəs özünə güvənməlidir” - Sertifikasiyada ikinci gün 
“Savadı olan hər kəs özünə güvənməlidir” - Sertifikasiyada ikinci gün 
“Savadı olan hər kəs özünə güvənməlidir” - Sertifikasiyada ikinci gün