Saxta diplomlar: 22 milyard dollarlıq qlobal problem

6 Avqust, 2026 - 12:27
Saxta diplomlar: 22 milyard dollarlıq qlobal problem

Mütəxəssislərin xəbərdarlığına görə, süni intellekt saxta diplomların və akademik saxtakarlığın kəskin artmasına səbəb olub. Onlar ölkələri ixtisasların doğruluğunu yoxlamaq üçün qlobal əməkdaşlığı gücləndirməyə və yeni texnologiyalardan istifadə etməyə çağırıblar.

UNESCO-nun Ali Təhsil Bölməsinin rəhbəri Noah Sobenin qurumun vebinarında bildirib ki, ali təhsilə tələbatın artması nəticəsində qlobal “saxta diplom sənayesi” 22 milyard ABŞ dolları (16 milyard funt sterlinq) həcmində bir biznesə çevrilib (www.timeshighereducation.com).

“Texnologiya bizim dostumuz da ola bilər. Lakin bəzi hallarda o, qanunsuz məlumatlardan və saxta ixtisas sənədlərindən mənfəət əldə etməyi və onların yayılmasını da asanlaşdırır”, – deyə N.Sobe əlavə edib.

O, bu problemin həllində UNESCO-nun Ali Təhsil üzrə Qlobal Konvensiyasının rolunu xüsusi vurğulayıb. Hazırda 40-dan çox dövlətin qoşulduğu bu Konvensiya hökumətləri beynəlxalq əməkdaşlıq vasitəsilə saxta ali təhsil kvalifikasiyalarının aradan qaldırılması üçün tədbirlər görməyə təşviq edir.

Groningen Bəyannaməsi Şəbəkəsinin icraçı direktoru Joanne Duklas isə bildirib ki, son illərdə kvalifikasiya saxtakarlığının miqyası və mürəkkəbliyi nəzərəçarpacaq dərəcədə artıb.

“Artıq yalnız kağız şəklində təqdim olunan transkriptlərin saxtalaşdırıldığı dövr geridə qalıb”, – deyən J.Duklas süni intellektin köməyi ilə edilən saxtakarlıqları, sənədlərin saxtalaşdırılmasını, saxta diplom verən müəssisələri (diploma mills), sifarişlə akademik işlərin hazırlanmasını və şəxsiyyət saxtakarlığını buna nümunə göstərib.

J.Duklas xəbərdarlıq edib ki, hər bir saxta kvalifikasiya sənədinin arxasında tələbələr, universitetlər və işəgötürənlər üçün real nəticələr dayanır.

“Bu cür saxtakarlıqla mübarizə yalnız texnologiya tələb etmir. Bunun üçün peşəkar mühakimə, hazırlıqlı qiymətləndiricilər, aydın siyasətlər, etibarlı institusional əməkdaşlıq, güclü keyfiyyət təminatı prosesləri, daim ayıq-sayıqlıq və məlumatlılıq da vacibdir”, – deyə J.Duklas bildirib. Onun sözlərinə görə, “heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz”.

Norveçin Ali Təhsil və Bacarıqlar Direktorluğunun nümayəndəsi Andreas Snildal saxtakarlığı qlobal miqyaslı bir sənaye kimi xarakterizə edərək, bunun əlaqələndirilmiş beynəlxalq fəaliyyət tələb etdiyini bildirib.

Onun sözlərinə görə, Norveç hər il təxminən 20 min xarici kvalifikasiyanı qiymətləndirir. Lakin məhdud resurslar səbəbindən hər bir sənədin onu verən təhsil müəssisəsi vasitəsilə birbaşa təsdiqlənməsi mümkün olmur. Buna görə də ölkə hakimiyyəti hüquqi sanksiyaları ixtisaslaşmış saxtakarlığın aşkarlanması qrupları, sənəd analizi, yoxlama bazaları və xarici tərəfdaşlarla əməkdaşlıqla birləşdirir.

“Biz saxtakarlığın qarşısını almaq və onu aşkar etmək üçün bir sıra təcrübə və tədbirlər hazırlamışıq”, – deyən A.Snildal əlavə edib ki, milli informasiya mərkəzləri arasında daha güclü şəbəkələrin yaradılması sərhədlərarası yoxlamaları daha sürətli və daha etibarlı edəcək.

Texnologiya şirkətləri də dəyişən şəraitə uyğunlaşırlar. Elektron təhsil xidmətləri göstərən “Instructure” şirkətinin baş direktoru Simone Ravaioli bildirib ki, süni intellekt kvalifikasiya saxtakarlığının mahiyyətini köklü şəkildə dəyişdirib.

“On beş il əvvəl rəqəmsal texnologiyalar saxta diplom probleminin həlli hesab olunurdu. Bu gün isə rəqəmsal texnologiyalar həm problemin özü, həm də onun həllidir”,-  deyə o vurğulayıb.

S.Ravaioli qeyd edib ki,  süni intellekt saxta kvalifikasiya sənədlərinin hazırlanmasını asanlaşdırsa da, kriptoqrafik təsdiqləmə və rəqəmsal kvalifikasiya sənədləri kimi texnologiyalar diplomların və digər təhsil sənədlərinin təhlükəsizliyini də əhəmiyyətli dərəcədə artıra bilər. Onun sözlərinə görə, əsas məsələ bu həllərin rəqəmsal inkişafın müxtəlif mərhələlərində olan təhsil müəssisələri üçün əlçatan olmasını təmin etməkdir.

“Sektorun ehtiyac duyduğu və rəqəmsal kvalifikasiya sənədləri sahəsində bizə kömək edəcək əsas məsələ texnologiyanın özündən qaynaqlanan yeni təhlükələrə qarşı mübarizə aparmaqdır”, – deyə o bildirib.

Beləliklə, mütəxəsislər  ali təhsildə saxtakarlığın sürətlə artan problemə çevrildiyini göstərirlər.  Onlar bu sahədə mövcud problemləri qeyd edirlər:

Süni intellekt və rəqəmsal alətlər saxta diplomların hazırlanmasını daha asan və inandırıcı edib. 
İşəgötürənlər və universitetlər kağız və ya PDF formatlı sənədlərin həqiqiliyini yoxlamaqda çətinlik çəkirlər. 
Beynəlxalq tələbə və işçi mobilliyinin artması səbəbindən diplomların ölkələrarası yoxlanılması daha mürəkkəbləşib. 

Mütəxəssislərə görə, bu problemi həll edəcək texnologiya artıq mövcuddur. Xüsusilə:
- Verifiable Credentials (VCs) – kriptoqrafik üsullarla qorunan rəqəmsal etimadnamələr; 
- W3C Verifiable Credentials standartı; 
- Açıq standartlara əsaslanan yoxlanıla bilən rəqəmsal diplom sistemləri. 

Bu yanaşma ilə diplomun həqiqiliyi bir neçə saniyə ərzində təsdiqlənə bilər və bunu etmək üçün diplomu verən universitetlə ayrıca əlaqə saxlamağa ehtiyac qalmır.

Müəlliflər hesab edirlər ki, problem texnologiyanın olmaması deyil, onun kifayət qədər geniş tətbiq edilməməsidir. Bir çox universitet hələ də asan yoxlanılan rəqəmsal etimadnamələr təqdim etmir. Ona görə də saxta diplomların yayılmasının qarşısını almaq üçün əsas addım beynəlxalq səviyyədə yoxlanıla bilən rəqəmsal diplomların tətbiqinin genişləndirilməsidir.

Nəticə olaraq qeyd edək ki, saxta diplom sənayesi sürətlə böyüsə də  onu əhəmiyyətli dərəcədə məhdudlaşdıra biləcək texnologiyalar artıq mövcuddur; əsas məsələ onların geniş miqyasda qəbul edilməsidir.