"İslahatlar nəticə verir" - Digər dillərdə təhsil alan şagirdlərlə bağlı AÇIQLAMA
Hazırda ölkə üzrə ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan siniflərində 150 minə yaxın şagird təhsil alır. Belə siniflərin şagirdlərinin dövlət dili üzrə akademik və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi və onların ümumi təhsil nəticələrinin yüksəldilməsi təhsil siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə son illərdə tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin tədrisinin gücləndirilməsi istiqamətində ardıcıl və mərhələli islahatlar həyata keçirilib.
Bu fikirləri "Azərbaycan müəllimi"nə açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı səsləndirib.
O bildirib ki, 2021-2025-ci illər ərzində I-IX siniflər üzrə “Azərbaycan dili – dövlət dili kimi” fənninin tədrisinə ayrılan həftəlik dərs saatlarına hər bir sinif üçün 1 saat əlavə edilib və nəticədə ötən tədris ilində həmin fənnin həftəlik dərs yükü I-IX siniflər üzrə 2 saatdan 3 saata, ümumilikdə isə 22 saatdan 31 saata artırılıb:
"Bundan əlavə, 2021-ci ildən aparılan islahatlar nəticəsində hazırda ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan V, VI və VII siniflərində Azərbaycan tarixi, IX siniflərdə “Zəfər tarixi” kursu və X-XI siniflərdə çağırışaqədərki hazırlıq fənni Azərbaycan dilində tədris olunur.
Aparılan təhlillər göstərir ki, həmin islahatlar müsbət nəticə verməkdədir. Buna müvafiq olaraq, şagirdlərin dövlət dili üzrə dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində sözügedən tədbirlərin davam etdirilməsi zəruri hesab edilib.
Bu məqsədlə Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planlarının təsdiqi barədə” əmrinə əsasən, tədrisi digər dillərdə aparılan siniflər üzrə “Azərbaycan dili – dövlət dili kimi” fənninin həftəlik dərs saatları hər bir sinif üzrə 1 saat artırılmaqla, ümumilikdə 31 saatdan 42 saata yüksəldilib:
|
“Azərbaycan dili – dövlət dili kimi” fənninin həftəlik dərs saatlarının miqdarı |
||||||||||
|
I sinif |
II sinif |
III sinif |
IV sinif |
V sinif |
VI sinif |
VII sinif |
VIII sinif |
IX sinif |
X sinif |
XI sinif |
|
3 → 4 |
3 → 4 |
3 → 4 |
3 → 4 |
3 → 4 |
3 → 4 |
3 → 4 |
3 → 4 |
3 → 4 |
2 → 3 |
2 → 3 |
N.Qəhrəmanlı açıqlamasında qeyd edib ki, həyata keçiriləcək tədbirlər nəticəsində tədrisi digər dillərdə aparılan bütün siniflərdə təhsil alan şagirdlərin dövlət dili üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən onların akademik nailiyyətlərinin yaxşılaşdırılması hədəflənir.




