Saxta diplomlarla bağlı hər gün onlayn müraciətlər olur

24 Dekabr, 2024 - 11:33
Saxta diplomlarla bağlı hər gün onlayn müraciətlər olur
Saxta diplomlarla bağlı hər gün onlayn müraciətlər olur

“Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər saxta diplomlar əsasında onlayn müraciətlər həyata keçirirlər. Biz belə halları demək olar ki, hər gün aşkarlayırıq”. 

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. 

O bildirib ki,  2021-2022-ci illərdə saxta diplomlar əsasında verilən 9 şəhadətnaməni aşkarlayaraq ləğv ediblər:

“Bunun aşkarlanması necə baş verdi? Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta olduğunu aşkarladıq və buna görə cari ildə tanınma ilə bağlı həmin müraciətlərə imtina qərarı verdik. Bu, bizdə ciddşübhə yaratdığı üçün sözügedən universitetin adından əvvəlki illərdə də verilən diplomları yenidən araşdırdıq və Türkiyənin aidiyyəti qurumlarına sorğu göndərdik”.

Tural Əhmədovun sözlərinə görə, 2021-ci ildə 1, 2022-ci ildə 8 nəfər olmaqla, ümumilikdə 9 nəfərin saxta diplom müraciəti əsasında verilmiş şəhadətnaməsi müvafiq əmrlə ləğv edilib:

“Son vaxtlar şəhadətnamələrin saxtalaşdırılması cəhdlərini də görürük və bu çağırışların qarşısını almaq üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Bundan əlavə, işəgötürənlər təqdim edilən şəhadətnamələrin həqiqiliyini səhifəmiz üzərindən onlayn yoxlamaq imkanı qazanıblar. Bu kimi halların qarşısını almaq məqsədilə bir daha işəgötürənlərə səslənib müvafiq şəhadətnamələrin həqiqiliyini Agentliyin səhifəsindən yoxlamalarını tövsiyə edirik”.