Şəhid anası müəllim: “Balamın yerində indi balası yatır”

7 Noyabr, 2025 - 09:51
Şəhid anası müəllim: “Balamın yerində indi balası yatır”

“Elə bilirəm Abbası yenidən böyüdürəm”

“Sentyabrın 28-i idi. Məktəbin qabağına çatmışdım ki, bacım dedi ki, evə get, Abbası gətirirlər”. Dünya başına fırlandığı o gündən Kifayət müəllimin cəmiyyətdə statusu dəyişdi. 2000-ci ildən sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi Kifayət Qasımova şəhid Abbas Qasımovun anası kimi tanındı.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına qatılaraq ərazilərimizin işğaldan azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günündə - sentyabrın 27-də birgə uçduğu baş leytenant Xalid Gözəlov ilə birlikdə qəhrəmancasına şəhid olub. Vətən müharibəsinin başladığı ilk dəqiqələrdə şəhid olduqlarından Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin ilk şəhidlərindən sayılırlar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə Abbas Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları,  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhid anası müəllim Kifayət Qasımova deyir ki, acılarla dolu qəribə tale yaşayıb və Qarabağ bu acıların mərkəzində dayanıb, erməni təxribatı, erməni cinayəti, erməni işğalı böyük iz qoyub onun və ailəsinin həyatında, necə deyərlər, həmin zolağın bir ucu 1988-ci ilin dekabrından, yəni onun, yenicə qurduğu ailəsi ilə öz yurdundan deportasiya olunması ilə başlayıb, oğlunun şəhadəti və Qarabağın işğaldan azad olunması ilə bitib.

İrəvan mahalının Zəngibasar rayonundan deportasiya olunan ailələrdən biri də onun ailəsi olub. Amma qaçqın həyatının çətinliyi gözünə də görünməyib. Rzaya və onunla birlikdə sahib olduqları ən dəyərli varlıqları - biri qız olan iki övladının sevgisindən güc alaraq qaçqınlığın hər çətinliyinə sinə gərib: “Çox xoşbəxt idim. Sevilirdim, sevirdim. Hamı mənə qibtə edirdi. Elə bir ailə həyatım vardı ki...”.
Gələcəyə nikbin baxıb, iki övladına və peşəsinə - müəllimliyə ikiəlli sarılaraq onları böyüdüb.

Danışan rəqəmlər...

Kifayət müəllim oğlunun taleyində acılı-şirinli “rol alan” rəqəmlərə də diqqət çəkir. “7”ləri xüsusi vurğulayaraq oğlunun hekayəsini anladır: “Abbas 1986-cı il martın 17-də Zəngibasar rayonunun Rəhimabad kəndində anadan olub. “7” ilə növbəti böyük qarşılaşması oxuduğu məktəbin sıra nömrəsinə düşüb. O, 1993-2003-cü illərdə Binəqədi rayonunda F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə oxuyub. 2003-2007-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ona verilən ev 7-ci mərtəbədə 27-ci mənzil idi. Aprelin 17-də toyu olub, 7 il ailəli qalıb. Sonuncu “7”nin iştirakı ilə adı tarixə Vətən müharibəsinin ilk şəhidi kimi yazılıb”.

Sadəcə “7” deyil, onların qəribə taleyində “6” da öz sözünü deyib: “Abbas 6 yaşında olanda atasını itirdi. Özü şəhid olanda isə atasının adını daşıyan oğlu Əlirza 6 yaşında idi. Heç məktəbə aparmağa da gələ bilməmişdi, təlimlərdə idilər”.

Abbas Milli Təhlükəsizlik Akademiyasının Sərhəd qoşunları fakültəsində təhsil almışdı. Qusar rayonunda 6 il zastava rəisi işləyib. O işindən anası üçün imtina etməli olub: “Qızımı evləndirdikdən sonra tək qalmışdım deyə planlarını dəyişib Bakıya qayıtdı. Uşaqlığından pilot olmaq arzusu vardı. Milli Aviasiya Akademiyasında bir illik kurs keçdi. Pilot kimi fəaliyyətinə davam etdi, pilot kimi də şəhid oldu. Qüsursuz xidmətinə görə həmişə fərqlənib təltif olunurdu. Ölümündən sonra da təltiflər aldı”.

Onu da bir müəllim böyütmüşdü, indi oğlanlarını da müəllim böyüdür

Kifayət müəllim şəhid anası olmadan müəllim olub, amma əvvəlcə tərbiyəçi müəllim: “Zəngibasar rayonunun Rəncbər kənd məktəbindən məzun olandan sonra Bakıda əvvəlcə “Pioner baş dəstə rəhbəri” ixtisası üzrə təhsil aldım. Sonra Bakı Sənaye Pedaqoji Texnikumunda “Müalicə və bədən tərbiyəsi ixtisasını bitirdim. Rayonumuza qayıdıb bağçada tərbiyəçi müəllim işlədim. Yurdumuzdan deportasiya olunandan sonra da fəaliyyətimi Bakıda bağça müəllimi kimi davam etdirdim. 1993-2007-ci illərdə 210 nömrəli bağçada işlədim. 2007-ci ildən 5 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim, 2012-ci ildən müalicəvi bədən tərbiyəsi müəllimiyəm”.

Kifayət müəllimin gəlini Siddiqə Qasımova da müəllimdir: “Onu Abbasa özüm tövsiyə etmişdim. Məktəbimizə müəllim kimi gəlmişdi. Ondan çox xoşum gəlirdi. Abbasa dedim ki, məktəbimizə balaca bir qız gəlib, elə gözəldir ki. O da gedib baxıb bəyəndi, evləndilər. İndi ikimiz birlikdə Abbasın yadigarlarını böyüdürük. Abbas bizi necə bir yerdə qoyub gedib, eləcə davam edirik. Balamın yerində indi balası yatır”.

Kifayət müəllim deyir ki, Abbasla birlikdə hər şeyini itirmiş kimi hiss edir: “Onu itirməklə 30 illik sirdaşımı itirdim, güvən yerimi, arxa-dayağımı itirdim. Çox acıdır. Oğulsuz gəlin saxlamaq, atasız nəvələr böyütmək çox çətindir. Amma onlar həm də ən böyük təsəllimdir. Oğlanlarından biri həm görünüşünə, həm də xarakterinə görə özünə oxşayır. Elə bilirəm Abbası yenidən böyüdürəm”.