Poetik pedaqogikanın milli-mənəvi əsasları – Mahirə Nağıqızı poeziyası tədqiqat işığında

9 İyun, 2026 - 09:35
Poetik pedaqogikanın milli-mənəvi əsasları – Mahirə Nağıqızı poeziyası tədqiqat işığında

Müstəqillik əldə etdiyimiz dövrdən, yəni 1991-ci ildən bu yana cəmiyyətdə az qala iki nəsil dəyişmişdir. Bu illər ərzində zaman yalnız təqvim vərəqlərini çevirməmiş, həm də düşüncə tərzlərini, ictimai münasibətləri və təhsil ehtiyaclarını yenidən yoğurmuşdur. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, milli pedaqoji fikir xəzinəmizin zəngin qaynaqları hələ də lazımınca üzə çıxarılmamış, öz sözümüzün işığında öz məktəbimizi izah etmək qüdrəti tam şəkildə formalaşmamışdır. 

Halbuki Azərbaycan xalqının öz poeziyasında, dastanlarında, klassik irsində və maarifçi ədəbiyyatında insan tərbiyəsinə dair dərin, ardıcıl və milli xarakterli pedaqoji baxışlar mövcuddur. 

Çağdaş poeziyamızda milli tərbiyə düşüncəsini, dilə və vətənə bağlılığı, ana obrazının mənəvi gücünü və yaddaş mədəniyyətini davam etdirən sənətkarların yaradıcılığı ayrıca pedaqoji baxışla təhlil olunmalıdır. Mən ixtisasca pedaqogika sahəsini təmsil etdiyim üçün şəxsiyyətinə, elmi mövqeyinə və poetik sözünün mənəvi işığına böyük dəyər verdiyim şairə Mahirə Nağıqızının yaradıcılığına məhz poetik pedaqogika bucağından baxmağı daha doğru hesab edirəm. “Poetik pedaqogika” anlayışı bəlkə də ədəbiyyatda hələ ayrıca termin kimi sabitləşməmişdir, lakin bu ifadə poeziyanın insanı tərbiyə edən, estetik zövqünü formalaşdıran, mənəvi dünyasını zənginləşdirən və milli yaddaşla bağını möhkəmləndirən gücünü ifadə etmək baxımından tamamilə yerində işlənə biləcək elmi-metaforik anlayışdır. Bu baxımdan Azərbaycan ədəbiyyatında bir neçə janr xüsusiyyətlərini yaradıcılığında mükəmməl şəkildə ifadə edən şairə Mahirə Nağıqızının yaradıcılığı klassik Azərbaycan ədəbi-pedaqoji ənənəsinin çağdaş mərhələdə davamı kimi xüsusi əhəmiyyət kəsb edir.

Nizami, Füzuli, Sabir, Cavid və Vurğun xətti Azərbaycan poetik pedaqogikasının sanki bir əlin beş barmağı kimi bir-birini tamamlayan, lakin hər biri ayrıca məna və istiqamət daşıyan beş əsas dayağını aydın göstərir. Nizami insanı kamilliyə aparan yolun elm, ədalət, zəhmət və mərhəmətdən keçdiyini öyrədir. Füzuli qəlbin tərbiyəsini önə çəkərək sevginin insanı saflaşdıran, dərinləşdirən və məsuliyyətli edən bir mənəvi qüvvə olduğunu göstərir. Sabir ictimai qüsurları açmaqla tərbiyənin yalnız fərdi deyil, həm də sosial xarakter daşıdığını sübut edir. Cavid isə insanın mənəvi ucalığını gözəllik, həqiqət və azadlıq idealları ilə əlaqələndirir. Səməd Vurğun isə vətən sevgisini, xalq ruhunu və milli ləyaqəti poetik tərbiyənin mərkəzinə gətirərək insanı torpağa, yurda və mənəvi məsuliyyətə bağlı şəxsiyyət kimi formalaşdırır.

Bu beş böyük sənətkarın yaratdığı poetik-pedaqoji xətt Azərbaycan sözünün yalnız estetik deyil, həm də tərbiyəedici, ruhlandırıcı və şəxsiyyət formalaşdırıcı gücünü ortaya qoyur. Onların hər biri milli düşüncəmizin ayrı-ayrı zirvəsi olsa da, birlikdə Azərbaycan insanını kamilliyə, mənəvi paklığa, ictimai ayıqlığa, ideala və vətən sevgisinə aparan böyük bir pedaqoji yol xəritəsi yaradır. Məhz bu yol xəritəsi çağdaş poeziyamızda da davam edir, yeni poetik nəfəsdə, yeni obrazlarda və yeni duyğu intonasiyasında öz varlığını qoruyur. Bu davamlılığın müasir mərhələdə diqqətəlayiq nümunələrindən biri də dəyərli şairə, alim, ictimai xadim Mahirə Hüseynovanın yaradıcılığıdır.

Şairə Mahirə Nağıqızının poetik ustalığının pedaqoji kökləri məhz bu böyük Azərbaycan ədiblərinin yaratdığı mənəvi fikir bulağından qaynaqlanır. Onun yaradıcılığında söz sadəcə ifadə vasitəsi deyil, insanı oyadan, yaddaşı silkələyən, dili sevdirən, vətəni ruhda yaşadan və əxlaqı saflaşdıran tərbiyə alətidir. Şairənin poetik dünyasında ana, dil, vətən, kənd, daş, ocaq və yaddaş obrazları bir-birindən ayrılmayan milli-pedaqoji anlayışlar kimi çıxış edir. Onun poeziyasındakı müəllimlik yalnız auditoriya ilə məhdudlaşmır, sözün özü müəllimə, obraz dərsə, bənd isə mənəvi tərbiyə vahidinə çevrilir.

“Ana dilim” şeirində ana dili yalnız ünsiyyət vasitəsi kimi deyil, xalqın tarixi, yaddaşı, mənliyi və nəsillərarası əmanəti kimi təqdim olunur. Şeirin bir bəndində ana dili dədə-baba yadigarı, tarixdən gələn səs və xalqın varlığını qoruyan müqəddəs əmanət kimi mənalandırılır. Həmin bənd pedaqoji baxımdan uşağa və gəncə dilin, sadəcə, danışıq qaydaları toplusu olmadığını, millətin ruhunu daşıyan canlı yaddaş olduğunu öyrədir. Burada dil duyumunun inkişafı milli şüurun formalaşması ilə birləşir və oxucu ana dilinə yalnız qrammatik vasitə kimi deyil, mənəvi borc kimi yanaşmağı öyrənir. Bu cür poetik yanaşma milli pedaqogika üçün örnəkdir, çünki dil sevgisini quru nəsihətlə deyil, obraz, ahəng və tarixi yaddaş vasitəsilə tərbiyə edir.

“Vətən” mövzulu şeirlərində Mahirə Nağıqızı vətəni torpaqdan daha geniş, insanın qəlbində, yaddaşında və vicdanında yaşayan müqəddəs mənəvi məkan kimi təqdim edir. Bu şeirlərdən bir bənddə vətən ana qucağı, doğma torpaq, ruhun sığınacağı və insanın özünü tanıdığı əbədi məkan kimi mənalandırılır:

Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir.

Göstərilən bu bənd pedaqoji üslub baxımından vətənpərvərlik tərbiyəsini şüarçılıqdan çıxararaq onu ailə, ana, torpaq və mənəvi məsuliyyət duyğusu ilə birləşdirir. Vətənpərvərlik burada yalnız bayraq, sərhəd və coğrafiya anlayışları ilə deyil, insanın daxili borcu, əxlaqi mövqeyi və milli ləyaqəti ilə izah olunur. Bu baxımdan Mahirə xanımın vətən poeziyası milli pedaqogikanın güclü nümunəsidir, çünki oxucuda vətəni sevməklə yanaşı, vətən qarşısında məsuliyyət daşımaq düşüncəsi formalaşdırır.

Ana mövzusuna həsr olunmuş şeirlərində Mahirə Nağıqızı insanın ilk məktəbinin ana qucağı, ilk müəlliminin ana nəfəsi və ilk mənəvi dərsinin ana sevgisi olduğunu elə poetik şəkildə göstərir ki, bu da onun poeziyasında tərbiyə düşüncəsinin quru nəsihət kimi deyil, sevgi, mərhəmət və mənəvi gözəllik üzərində qurulan incə pedaqoji estetika kimi təzahür etdiyini göstərir. Poetik pedaqogika ruhunda yazılmış bəndlərdə övladın anaya olan minnətdarlığı, vicdan hesabatı və mənəvi borcu ülvi duyğu kimi təqdim edilir. Bu bəndlər pedaqoji baxımdan ailə tərbiyəsinin milli xarakterini açır və göstərir ki, insanın əxlaqi formalaşması, ilk növbədə, ana sevgisini dərk etməkdən başlayır. Burada ana obrazı mərhəmətin, səbrin, fədakarlığın, halal zəhmətin və mənəvi paklığın canlı dərsliyinə çevrilir. Beləliklə, şairə emosional və əxlaqi tərbiyəni abstrakt nəsihət kimi deyil, oxucunun qəlbini hərəkətə gətirən səmimi poetik etiraf kimi təqdim edir.

Kənd, yurd və ocaq mövzulu şeirlərində Mahirə Nağıqızı doğma məkanı yalnız xatirə yeri kimi deyil, mədəni yaddaşın qorunduğu mənəvi məktəb kimi canlandırır. Bu xətt üzrə yazılmış bəndlərdə kənd yolu, dağ, bulaq, ocaq, ata-baba izi və doğma ev obrazları insanın milli kimliyini yaşadan tərbiyəvi işarələr kimi görünür. Həmin bəndlər pedaqoji baxımdan oxucuya kökdən ayrılmamağı, yurd yaddaşını qorumağı və keçmişlə gələcək arasında mənəvi körpü qurmağı öyrədir. Bu isə milli pedaqogikanın əsas prinsiplərindən biridir, çünki kökünü tanımayan insanın gələcəyə sağlam mənəvi dayaqla getməsi mümkün deyildir.

“Onun daş nağılı” şeirində poetik dünyasında daş obrazı susqun əşya olmaqdan çıxaraq yaddaşın, dözümün, ocağın və ata-baba yurdunun danışan simvoluna çevrilir. Əsərin bir bəndində daş keçmişin şahidi, ananın və ocağın yaddaşı, zamanın sükutla danışan dili kimi mənalandırılır. Bu bənd obrazlı təfəkkürün inkişafı baxımından çox qiymətlidir, çünki oxucu cansız görünən daşın içində tarix, ailə, yurd və mənəvi davamlılıq mənası görməyi öyrənir. Beləliklə, şairə estetik zövqü yalnız gözəlliyi duymaqla məhdudlaşdırmır, adi görünən əşyanın içində mənəvi dərinlik axtarmağı da pedaqoji vərdişə çevirir.

Şairə Mahirə Nağıqızı yaradıcılığında estetik zövq sözün ahəngi, obrazın təmizliyi, duyğunun səmimiyyəti və milli ruhun poetik ifadəsi ilə formalaşır. Onun şeirlərində dil duyumu ana dilinin müqəddəsliyi ilə, milli-mənəvi dəyərlər vətən və ana obrazları ilə, obrazlı təfəkkür daş və ocaq simvolları ilə, emosional-əxlaqi tərbiyə isə sevgi, borc, sədaqət və yaddaş motivləri ilə dərinləşir. Bu poeziyada pedaqogika açıq nəsihət formasında deyil, sözün içindən süzülən mənəvi işıq, obrazların yaratdığı daxili tərbiyə və oxucunu səssizcə kamilliyə aparan poetik duyğu kimi görünür. Məhz buna görə Mahirə Nağıqızı yaradıcılığı Azərbaycan poetik pedaqogikasının çağdaş mərhələsində milli ruhu, ana dili sevgisini, vətən duyğusunu və insanın mənəvi saflığını incə bir bədii-estetik sistem daxilində yaşadan dəyərli poetik məkan kimi qiymətləndirilə bilər.


Pərvanə Rzayeva,
pedaqogika üzrə fəlsəfə doktoru