MÜƏLLİM - Bir ömrə sığmayan sevgi və fədakarlıq

5 Oktyabr, 2026 - 09:28
MÜƏLLİM

Bəzi insanlar həyatımıza gəlir və gedir. Bəziləri isə gedəndən sonra belə bizimlə qalır. MÜƏLLİMLƏRİMİZ kimi... 

Bir gün məktəbin dəhlizində eşitdiyimiz ayaq səsləri, lövhədə yazılmış ilk hərf, dəftərin kənarında çəkilmiş bir ulduz, “Sən bacararsan” deyən doğma bir səs illər sonra belə hər birimizin gözəl hisslərlə yada saldığı xoş xatirəyə çevrilir. Çünki müəllim yalnız dərs deyən, bizə bilik öyrədən insan deyil. Müəllim uşaqlığımıza toxunan, dünyagörüşümüzün formalaşmasına təsir edən, bizi həyata hazırlayan və valideynlərimizdən sonra həyatımızda mühüm iz buraxan insanlardan biridir.

Biz böyüyürük, məktəbdən ayrılırıq. Bəzilərimiz başqa şəhərlərə, hətta başqa ölkələrə gedirik. Həyat bizi müxtəlif yollarla aparır, qarşımıza fərqli insanlar çıxarır. Zaman keçir, məktəb illəri uzaqda qalır. Amma müəllimin sinifdə dediyi bəzi sözlər bizimlə yol gedir. Bəzən həyatın çətin anlarında bizə dərs demiş müəllimimizin sözlərini xatırlayırıq: “Qorxma”, “Öhdəsindən gələcəksən”, “Düz yoldan heç zaman dönmə”. Və məhz o zaman anlayırıq ki, müəllim illər əvvəl bizə sadəcə bilik yox, həm də həyat dərsi veribmiş.

Bəzən məktəbin həyətindən keçərkən uşaqlığımız gözlərimizin önündə canlanır. Bir lövhə, bir sinif otağı, bir zəng səsi, hətta müəllimin bizə müraciət etdiyi sadə bir cümlə belə keçmişdən bir xatirəni geri qaytarır. O zaman anlayırıq ki, məktəb sadəcə dörd divardan ibarət bir məkan deyil. Orada bizim uşaqlığımız, arzularımız, ilk uğurlarımız, ilk səhvlərimiz və bizi həyata hazırlayan insanlar var.

Müəllim olmaq...

Müəllim olmaq yalnız sinfə daxil olub dərs demək, danışmaq deyil. Müəllim olmaq hər şagirdin gözündə bir dünya görmək, onun istedadını üzə çıxarmaq, büdrəyəndə əlindən tutmaq, uğuruna öz uğuru kimi sevinməkdir. Müəllim olmaq bəzən yorğunluğunu gizlədib şagirdlərinə təbəssüm bəxş etmək, öz dərdini bir kənara qoyub onların gələcəyi üçün çalışmaqdır.

Və bir həqiqəti heç kəs dana bilməz: Üzərimizdə müəllimlərin böyük zəhməti var. Bu zəhmət illər keçsə də unudulmur. Hər birimizin həyatında əlimizdən tutub ilk hərfləri öyrədən, yazımızı düzəldən, səhvlərimizi səbirlə göstərən, bizə yalnız kitab oxumağı deyil, həyatın özünü öyrədən sevimli müəllimlərimiz var. Gözəl müəllimlərimizin içdən gələn sevgisi, verdiyi inam, aşıladığı dəyərlər ömrümüz boyu bizimlə yaşayır. Çünki müəllim insanın yaddaşına deyil, şəxsiyyətinə yazılır.

Müəllim fədakarlığı səssiz bir qəhrəmanlıqdır

O qəhrəmanlıq hər səhər məktəbin qapısından içəri daxil olan müəllimin addımlarında, gecə saatlarına qədər yoxladığı dəftərlərdə, hər bir şagirdi üçün keçirdiyi narahatlıqda, bəzən də heç kimin görmədiyi göz yaşlarında gizlənir.

Müəllim... Bəzən adı heç bir yerdə çəkilmir, amma yetişdirdiyi neçə-neçə insanın uğurlarında onun imzası görünür. Çəkdiyi zəhmətin qarşılığını gözləmir, amma illər sonra keçmiş şagirdinin “Müəllim, mən bacardım!” sözünü eşidəndə xoşbəxt olur.

Qəhrəmanlıq dərsi

Azərbaycan müəllimi fədakarlığının ən böyük və təsirli nümunələrini tariximizin ağır, eyni zamanda şərəfli günlərində göstərib. Xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunan 44 günlük Vətən müharibəsində müəllimlərimiz öz peşə məsuliyyətlərini Vətən qarşısındakı borcla birləşdirdilər.Sinif otaqlarında şagirdlərinə Vətəni sevməyi, torpağa bağlı olmağı, milli dəyərlərimizi qorumağı öyrədən təhsil işçilərimiz Vətənin müdafiəsi üçün silaha sarıldılar, cəbhəyə yollandılar, döyüşdülər. Onların bir qismi şəhidlik zirvəsinə ucaldı, bir qismi isə ağır yaralanaraq qazi oldu.

Bu müəllimlərin həyat yolu bir daha göstərdi ki, əsl müəllim Vətəni yalnız sözlə sevməyi öyrətmir. Əsl müəllim lazım gəldikdə öyrətdiyi dəyərlərin məsuliyyətini öz çiyinlərində daşıyır, Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirir. Onlar müəllimlik fəaliyyətini yalnız sinif otağı ilə məhdudlaşdırmadılar. Müharibənin ən ağır günlərində öz davranışları, cəsarətləri və fədakarlıqları ilə şagirdlərinə həyatın ən böyük dərslərindən birini Vətənə sədaqət dərsini keçdilər.

Bu gün təhsil müəssisələrimizdə şəhid müəllimlərin və şəhid məzunların əziz xatirəsi yaşayır. Onların adı çəkiləndə dərs otaqları bir anlıq səssizliyə bürünür, xatirələri müəllim və şagirdlərin qəlbində dərin ehtiramla anılır.Çünki həmin insanlar bu məktəblərin yalnız məzunu və ya müəllimi deyil, həm də Vətən qarşısında borcunu canı ilə ödəyən qəhrəmanlardır.

Şəhid müəllimlər öz şagirdlərinə Vətəni, torpağı və dövlətçiliyi qorumağın yalnız sözlə ifadə olunan bir vəzifə deyil, böyük məsuliyyət olduğunu həyatları ilə göstərdilər.

Şəhid müəllimlərimizin həyatında müəllimliklə Vətənə xidmət bir-birindən ayrılmayan iki müqəddəs məfhum kimi birləşdi. Onlar öz fədakarlıqları ilə müəllim sözünün yalnız bir peşənin adı deyil, həm də böyük mənəvi məsuliyyətin ifadəsi olduğunu nümayiş etdirdilər.

Müəllimə verilən dəyər

Azərbaycan dövlətinin təhsilə göstərdiyi diqqət və qayğı, müəllim əməyinə verilən yüksək dəyərin, onun cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında oynadığı mühüm rolun göstəricisidir. Yeni məktəblərin tikilməsi, mövcud təhsil infrastrukturunun yenilənməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təmin olunması, müəllimlərin peşəkarlığının artırılması, onların əməyinin stimullaşdırılması və təhsilin inkişafına yönəlmiş ardıcıl addımlar ölkəmizin gələcəyinə qoyulan mühüm sərmayədir.

Bu gün müəllimin qarşısında əyləşən şagirdlər sabah həkim, mühəndis, alim, hərbçi, sənətkar, dövlət xadimi, müəllim və digər peşə sahibi olacaq. Onların hər birinin həyat yolunun başlanğıcında isə, təbii ki, bir müəllim dayanır. Müəllim yalnız bilik verən insan deyil, həm də şəxsiyyətin formalaşmasına, dünyagörüşünün inkişafına, düzgün dəyərlərin aşılanmasına və gələcəyə inamın yaranmasına böyük təsir göstərən nümunədir.

Vətəni sevməyi, özümüzə inanmağı öyrətdiyiniz üçün Sizə sonsuz təşəkkürlər

Siz yalnız bu günün deyil, sabahın da memarısınız. Sizin dərs dediyiniz uşaqlar Azərbaycanın gələcəyidir. Verdiyiniz biliklər, aşıladığınız milli və mənəvi dəyərlər, göstərdiyiniz səbir, qayğı və sevgi şagirdlərinizin, tələbələrinizin həyat yolunda izini qoyur. Sizin sinif otaqlarında, auditoriyalarda söylədiyiniz hər bir söz, keçdiyiniz dərs, verdiyiniz hər bir tövsiyə gələcəyin qurucularının dünyagörüşünün formalaşmasına xidmət edir.

Bizə ilk hərfi öyrətdiyiniz,Vətəni sevməyi, bayrağa hörmət etməyi, insan olmağın məsuliyyətini dərk etməyi, arzularımıza inanmağı, səhvlərimizdən nəticə çıxarıb yenidən başlamağı və ən əsası, özümüzə inanmağı öyrətdiyiniz üçün sizə sonsuz təşəkkürümüzü bildiririk.

Müəllim sadəcə bir peşə deyil. Müəllim bir ömrün işığı, bir nəslin yol göstəricisi, bir millətin yaddaşı və gələcəyə uzanan körpüsüdür.

Bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə, həsr edən, hər bir şagirdinin, tələbəsinin uğurunda öz zəhmətinin, sevgisinin və fədakarlığının izini yaşadan əziz müəllimlərimizi səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq.

5 oktyabr - Beynəlxalq Müəllimlər Gününüz mübarək!